Son vaxtlar Kür çayında suyun səviyyəsinin qalxması fəsadlar törətməkdə davam edir.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, bu dəfə çay məcrasından çıxaraq rayonun Çərtəyəz və Sovla kəndlərində həyətyanı sahələrə, evlərə və əkin sahələrinə xeyli ziyan vurub.
Sakinlər bildirir ki, artıq 5 gündür çayın suyu durmadan artır və həyətlərə dolur. Bunun nəticəsində daşqın suları sakinlərə məxsus evlərə, tövlələrə, bar verən ağaclara, eləcə də əkin sahələrinə xeyli ziyan vurub. Bəzi sakinlər günlərdir ki, subasma səbəbindən həyətlərə belə düşə bilmirlər. Hazırda onlar bu vəziyyətin aradan qaldırılması üçün aidiyyatı qurumlardan kömək gözləyirlər.
Kənd sakinləri Ofelya Babaşova və Pərvanə Maqsudova yerli büromuza bildirib ki, artıq neçə gündür su basması nəticəsində bütün həyət və evlər su altında qalıb və onlar bu səbəbdən həyətə düşə bilmirlər. Digər kənd sakinləri Afiq və Rüfət Babaşovlar bildirdilər ki, 5 gündür subasma səbəbindən uşaqları məktəbə apara bilmirlər.
“Gecələr qorxa-qorxa yatırıq ki, Kür daha da qalxar və suyun içində qalarıq, evimiz uçar. Evdə azyaşlı uşaqlar var. Suyun səviyyəsi isə durmadan artır buda öz növbəsində baş verə biləcək təhlükədən xəbər verir”, - deyə sakinlər bildiriblər.
Onlar bununla bağlı dəfələrlə aidiyyatı üzrə müraciət etsələr də, hələ də bir işin görülmədiyini bildiriblər.
Məsələ ilə bağlı Kürdəmir Su Meliorasiya sistemlərinin İstismarı idarəsinin baş mühəndisi Rəşid Nəsirov yerli büromuza bildirildi ki, son zamanlar intensiv yağışlar nəticəsində Kürdə suyun həcmi artmışdır:
"Bu həcmin artması səbəbindən həyətyanı sahələrə suyun filtrasiya olunması baş vermiş və ərazilərdən su yığılmışdır. Bununla bağlı idarə tərəfindən texnikalar əraziyə cəlb edilib və müəyyən kanallar vasitəsilə həyətyanı sahələrdən suların çəkilib digər drenaj şəbəkələrə ötürülməsi tərəfimizdən təmin edilir. Bu proses Çərtəyəz kəndində yox, bir neçə kənddə baş verir.
Hazırda bir neçə kəndə idarə tərəfindən texnikalar cəlb edilib. Ümid edirəm ki, bir neçə gün ərzində suların həyətyanı sahələrdən çıxarılıb drenaj şəbəkələrə ötrülməsi idarə tərfindən təmin ediləcəkdir. Məlumat vermək istəyirəm ki, Kürün qalxması təbii prosesdir. Müşahidələrimizə görə, artıq son 3-4 gün ərzində Kür çayında 4-5 santimetr düşmə başlayıb.
Hesab edirik ki, növbəti 3-4 günə heç bir kənddə belə bir çətinliyin aktuallaşması baş verməyəcək. Çünki ərazilərdəki sular idarə tərəfindən axıdılır, digər tərəfdən Kür çayının intensiv şəkildə düşməsi bu problemlərin aradan qaldırılmasına səbəb olacaqdır".
Bundan başqa Kürdəmir Rayon İcra Hakimiyyətinin Fövqaladə Hallar Komissiyasından yerli büromuza bildirildi ki, adı çəkilən ərazilərə tərəfimizdən baxış keçrilib və hazırda Çərtəyəz və digər kənd ərazilərində aidiyyatı qurumlarla birlikdə yaranmış problemlərin aradan qaldırılması istiqamətində zəruri işlər həyata keçrilir.

















Bizim.Media, Aran bürosu