"Ümumiyyətlə, unutmamaq lazımdır ki, orta ümumi təhsil məktəblərində tədris prosesini tənzimləyən qurum Elm və Təhsil Nazirliyidir. İmtahanları təşkil edən qurum isə Dövlət İmtahan Mərkəzidir. Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarını mart ayında keçirməyə üstünlük verir ki, bunu mən əvvəlki çıxışlarımda da qeyd etmişəm. Mart ayı buraxılış imtahanları üçün o qədər də əlverişli dövr hesab olunmur. Dünyanın çox az ölkəsində imtahanlar bu vaxtda keçirilir. Mənim araşdırmalarıma əsasən, əksər ölkələrdə imtahanlar aprel-may aylarında, bəzilərində isə iyunda təşkil olunur. Lakin Azərbaycanda imtahanların çoxluğu və yoxlama prosesinin 4–6, bəzən isə 7 həftəyə qədər uzanması səbəbindən tarixlərin daha erkənə çəkilməsi zərurəti yaranır. Əgər buraxılış imtahanları, məsələn, may ayında keçirilsə, digər imtahanlarla ciddi toqquşma yaranar. Çünki bu dövrdə həm 9-cu və 11-ci siniflərin buraxılış imtahanları, həm blok imtahanları, həm də qabiliyyət və dövlət dili imtahanları təşkil olunur. Üstəlik, blok imtahanlarının birinci və ikinci cəhdləri də bu sıxlığı artırır. Bu isə qaçılmaz olaraq müəyyən problemlərə səbəb olur".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Qeyd edək ki, təhsil üzrə ekspert, fəlsəfə doktoru Etibar Əliyev Azərbaycanın orta təhsil sisteminin qısa olmasını tənqid edərək bildirib ki, buraxılış imtahanlarının erkən keçirilməsi yuxarı sinif şagirdlərinin dərsdən uzaqlaşmasına səbəb olur. Onun fikrincə, imtahanların proqram tamamlanmadan təşkili həm metodoloji baxımdan yanlışdır, həm də məktəbin funksiyasını zəiflədir. Əliyev vurğulayır ki, dərs müddətinin azlığı və məktəb nizamının pozulması funksional savadsızlıq riskini artırır və şagirdlərin məktəbə marağını azaldır.
Ekspert bildirib ki, mövcud şəraitdə buraxılış imtahanlarının mart ayından sonrakı dövrlərə keçirilməsi çətin görünür.