Son dövrlərdə xarici ölkə vətəndaşları ilə həmyerlilərimiz arasında evliliklərin sayı artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 48 546 nikaha daxilolma halı qeydə alınıb. Bunlardan 937-si Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 1 127-si isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanan nikahlardır.
Maraqlıdır, niyə xarici vətəndaşlarla ailə qurmağa meyil bu qədər artıb?
Mövzu ilə bağlı Redaktor.az-a dnışan psixoloq Nabat Mirzəyeva da bildirdi ki, son illərdə xarici vətəndaşlarla evliliklər get-gedə artır və bunun bir neçə sosial-psixoloji səbəbi var:
"Bu, təkcə şəxsi seçim deyil, həm də dünyamızın və baxış bucağımızın dəyişməsi, münasibət modellərinə yanaşmamızın transformasiyası ilə bağlıdır. Lakin unutmamalıyıq ki, bu səbəblər insandan insana dəyişir, lakin biz əsas faktorlara diqqət yetirəcəyik:
İlk səbəblərdən biri sosiallaşmadır. Burada xarici vətəndaşlarla, fərqli ölkələrdən olan insanlarla ünsiyyətdən söhbət gedir. İnsanlar artıq daha çox səyahət etməyə üstünlük verirlər. Xaricdə təhsil, beynəlxalq iş əlaqələri, xaricdə çalışma imkanları və onlayn platformalar vasitəsilə müxtəlif ölkələrdən insanlarla tanışlıq və ünsiyyət daha əlçatan olub. Bu isə mədəniyyətlərarası münasibətlərin qurulmasını asanlaşdırır. Bundan əlavə, xarici ölkələrin mədəniyyətlərinə, həyat tərzinə və münasibət modellərinə maraq da bu səbəblər sırasındadır.
Digər mühüm faktor fərqli həyat tərzinə və dəyərlərə marağın artmasıdır. Bəzi insanlar başqa mədəniyyətlərə, onların həyat yanaşmalarına daha açıq olur və bu fərqlilik onları cəlb edir".

Müsahibimiz əlavə etdi ki, məsələyə psixoloji baxımdan yanaşdıqda isə bəzi hallarda insanlar öz cəmiyyətində qarşılanmayan ehtiyaclarını fərqli mühitdə tapmağa çalışırlar:
"Əgər insan öz cəmiyyətində tapa bilmədiyi ehtiyacları başqa bir mühitdə – məsələn, anlayış, hörmət, dəyər, diqqət və emosional uyğunluq kimi faktorları – tapırsa, bu, onun həmin cəmiyyətə və insanlara marağını artırır. Başqa bir mədəniyyətdə bu ehtiyacların qarşılandığını görmək və yaşamaq, təbii olaraq, həmin mühitə yönəlməyə səbəb olur. Bundan başqa, bəzi hallarda xarici vətəndaşlarla evlilik daha yaxşı həyat şəraiti, karyera imkanları və sosial statusla da əlaqələndirilir. Bu da seçimə təsir edən amillərdən biri ola bilər".
N.Mirzəyevanın sözlərinə görə, belə evliliklər insanlara xaricdə təhsil almaq, karyera qurmaq, yeni ölkələr görmək, dil biliklərini inkişaf etdirmək və ümumilikdə şəxsi inkişaf imkanı yaradır.
"Eyni zamanda belə evliliklərdə müəyyən nüanslar da mövcuddur. Mədəni fərqlər həm üstünlük, həm də çətinlik yarada bilər. Qayda-qanunlar, dil, dəyərlər və ailə modelləri arasındakı fərqlər münasibətlərdə adaptasiya tələb edir. Tərəflərin gözləntiləri fərqli olduqda bu, münasibətə təsir göstərə bilər. Nəticə olaraq, xarici vətəndaşlarla evliliklərin artması müasir dünyanın daha açıq və əlaqəli olmasının nəticəsidir. Bu cür seçim uğurlu ola bilər. Lakin əsas şərt tərəflər arasında psixoloji uyğunluğun, qarşılıqlı hörmətin və real gözləntilərin olmasıdır", - deyə psixoloq yekunlaşdırdı.
Xədicə BAXIŞLI