ABŞ-nin Yaxın Şərqdə hərbi mövcudluğunda diqqətçəkən dəyişiklik baş verir.
Musavat.com bildirir ki, “The Washington Post” qəzetinin ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, ölkənin ən müasir aviadaşıyıcılarından biri olan USS Gerald R. Ford bölgəni tərk edərək bazasına qayıdır. Məlumata əsasən, 10 aya yaxın fasiləsiz xidmət göstərən gəminin 4500 nəfərlik heyəti nəhayət, dincəlmək imkanı əldə edəcək. Gəminin dəqiq yola düşmə tarixi açıqlanmasa da, onun may ayının ortalarına qədər ABŞ-nin Virciniya ştatında yerləşən bazasına çatacağı gözlənilir.
Qeyd edək ki, USS Gerald R. Ford ötən ilin 24 iyun tarixində Norfolkdan Avropaya doğru yola çıxmışdı. Daha sonra Karib hövzəsinə göndərilən aviadaşıyıcı burada regionda həyata keçirilən əməliyyatlarda iştirak edib. Ardınca gəmi Yaxın Şərqə yönləndirilərək İranla bağlı hərbi fəaliyyətlərin dəstəklənməsinə cəlb olunub.
Aprelin 30-na olan məlumata görə, gəmi artıq 310 gündür fasiləsiz olaraq bazasına qayıtmadan xidmət edir ki, bu da ABŞ hərbi dəniz qüvvələrinin müasir aviadaşıyıcıları üçün rekord göstərici hesab olunur. Adətən, bu tip gəmilər 6-7 aylıq xidmətdən sonra texniki baxış və təmir üçün geri çağırılır. “Ford”un da qayıdışdan sonra geniş texniki xidmətdən keçəcəyi bildirilir. Ekspertlər hesab edir ki, USS Gerald R. Ford aviadaşıyıcısının bölgədən ayrılması Yaxın Şərqdə qüvvələr balansına təsirsiz ötüşməyəcək. Xüsusilə İranla mümkün hərbi qarşıdurma fonunda ABŞ-nin həm hücum, həm də müdafiə imkanlarının müəyyən qədər zəifləyə biləcəyi qeyd olunur. Bildirilir ki, gəmi İsrail, İordaniya və Səudiyyə Ərəbistanında yerləşən bəzi hərbi obyektlərin İranın raket və pilotsuz uçuş aparatları ilə mümkün zərbələrindən qorunmasında mühüm rol oynayırdı.
Hazırda isə bölgədə ABŞ-ın daha iki aviadaşıyıcısı – USS George H.W. Bush və USS Abraham Lincoln qalır. Lakin sonuncunun texniki vəziyyəti ilə bağlı sualların mövcudluğu nəzərə alınarsa, Vaşinqtonun yaxın həftələrdə genişmiqyaslı quru əməliyyatlarına başlama ehtimalı o qədər də real görünmür.
Beləliklə, “Ford”un geri çağırılması ABŞ-nin regiondakı hərbi strategiyasında müəyyən korrektələrin anonsu kimi də qiymətləndirilə bilər. Yaxın günlərdə bu addımın praktik nəticələri daha aydın görünəcək.
Musavat.com