AZ

BİRİNCİ TÜRKOLOJİ QURULTAYIN 100  İLLİYİNƏ DƏYƏRLİ TÖFHƏ

XX əsrin əvvəlləri Azərbaycan ictimai-mədəni fikrində milli özünüdərkin, dil və kimlik məsələlərinin aktuallaşdığı bir dövrdür. Bu kontekstdə 1926-cı ildə I Türkoloji Qurultay çərçivəsində müzakirə olunan məsələlər türk xalqlarının ortaq mədəni dəyərlərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edirdi. Ümummilli Lider Heydər Əliyev Bakıda Birinci Beynəlxalq Türkoloji Qurultay çağırılmasını “Türk dünyası üçün böyük tarixi əhəmiyyətli hadisə” kimi dəyərləndirmişdir. XXI əsrdə müstəqil Azərbaycan Respublikası hüquqi, demokratik, dünyəvi milli-mənəvi dəyərlərini çağdaş beynəlxalq aləmə inteqrasiya etmək yolunda inamlı addımlar atmaqdadır. Azərbaycan xalqının milli dövlətçilik prinsipləri içərisində prioritet təşkil edən milli-mənəvi dəyərlərin qorunub saxlanılması, gələcək nəsillərə ötürülməsi və ümumbəşəri dəyərlərə inteqrasiya olunması yolunda mühüm tarixi-siyası addım sayılan Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 22 oktyabr 2025-ci il Sərəncamı müstəsna əhəmiyyət kəsb edir. Bu sərəncamın işığında bu məsələ yenidən aktuallıq qazandı, silsilə tədbirlər keçirildi, neçə-neçə kitab və monoqrafiyalar, elmi məqalələr nəşr olunmağa başladı. Belə ki, bu ilin ilk ayında işıq üzü görən AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədlinin “1926-cı il I Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda” adlı əsəri Azərbaycan elmi ictimaiyyətinin diqqətini çəkən mühüm nəşrlərdən biridir. Kitab Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə çap olunmuş, elmi məsləhətçi akademik İsa Həbibbəyli, elmi redaktor akademik Nizami Cəfərov və rəyçi Türk Dil Qurumunun başqanı professor Osman Mert tərəfindən qiymətləndirilmişdir. Əsərin əhəmiyyəti yalnız onun elmi dəqiqliyi və genişliyi ilə ölçülmür,  bu fundamental əsər Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar olaraq ərsəyə gətirilib və yubiley ilinə əvəzsiz töhfədir.

Kitabda təqdim olunan materiallar qurultayın tarixi kontekstini, indiyədək tədqiq olunmamış arxiv sənədlərini və mətbuat materiallarını xronoloji ardıcıllıqla təqdim edir, seçmə tərcümələr və elmi şərhlərlə zənginləşdirilir. Qurultayın protokolları, məruzələr, çıxış mətnləri, rəsmi teleqramlar və müvafiq komissiyaların sənədləri burada sistemli şəkildə toplanmışdır. Beləliklə, əsər yalnız arxiv materiallarının toplusu deyil, həm də I Türkoloji Qurultayın elmi və mədəni əhəmiyyətinin geniş təhlilinə xidmət edən ən etibarlı məlumat mənbəyidir.

Əsər giriş, üç fəsil və ədəbiyyat siyahısından ibarətdir.

Kitabın “I Türkoloji qurultay: tarixi zəmində” adlı I fəsli 6 paraqrafdan ibarətdir.  “Qurultayın siyasi və elmi əsasları” adlı ilk paraqrafda  təkcə hadisələrin ardıcıllığını əks etdirmək deyil, eyni zamanda I Türkoloji qurultayın  tarixi-siyasi məzmunu, ideoloji istiqamətləri faktlarla izah olunur. Burda dil konsepsiyası ilə I Türkoloji Qurultayın elmi platforması arasında ciddi ideya paralelləri mövcuddur. Belə ki, əsərin  “Əlifba məsələsi”, “Yazı-orfoqrafiya problemi”, “Terminologiya məsələsi”, “Türk dillərinin ədəbi dili məsələləri, o cümlədən ortaq ədəbi dil”, “Tədris-metodologiya məsələsi” və s. başlıqları altında sovet məkanında türk dillərinin gələcək inkişafı, yazı sisteminin transformasiyası və mədəni inteqrasiya mexanizmləri ilə bağlı strateji qərarları təhlil edilir, onun tarixi-funksional mahiyyəti, türkoloji istiqamətdə yaratdığı mədəni nəticələr sistemli şəkildə araşdırılır. Məlumdur ki,  Birinci Türkoloji Qurultayda Azərbaycan ədəbi dilinin əsasən 3 məsələsi müzakirəyə çıxarılmışdı: əlifba, orfoqrafiya və terminologiya məsələləri. Sovet hakimiyyəti qurulduqdan sonra ədəbi dilin yazısında əsaslı dəyişiklik etmək, ədəbi dilin yeni əlifbasını düzəltmək, yazıdan ərəb əlifbasını çıxarmaq Azərbaycan ictimai fikri qarşısında çox mühüm bir məsələ kimi durdu. 1920-1929-cu illərdə ədəbi dilin digər məsələlərinə nisbətən əlifba məsələsi çox müzakirə edilmişdir. Bu da təbiidir, çünki əlifba məsələsi həll olunmayınca, ədəbi dilin digər məsələlərini düzgün həll etmək, ana dilinin tədrisini qaydaya salmaq mümkün olmurdu. Əsərin birinci fəsil qurultayın siyasi və elmi əsaslarını araşdırmaqla kifayətlənmir, həm də həmin dövrün ideoloji və siyasi məzmununu faktlarla izah edir. Qurultayın baş tutduğu dövr türk xalqları üçün mürəkkəb və ziddiyyətli ictimai-siyasi mərhələ idi. Bir tərəfdən imperiyaların süqutu yeni perspektivlər və ümidlər yaradırdı, digər tərəfdən isə sərt ideoloji nəzarət və siyasi məhdudiyyətlər mövcud idi. Belə bir şəraitdə milli kimliyin açıq şəkildə siyasi mübarizə vasitəsilə ifadəsi faktiki olaraq mümkünsüz idi. Bu səbəbdən elmi fəaliyyət sahələri, xüsusilə dilçilik və tarix elmləri, milli təfəkkürün daha təhlükəsiz və qanuni şəkildə ifadə olunmasının əsas vasitəsinə çevrilmişdi.

Qurultayda müzakirə olunan məsələlər yalnız filoloji və texniki problemlərlə məhdudlaşmırdı. Əlifba məsələsi, yazı və orfoqrafiya problemləri, terminologiya, türk dillərinin ədəbi dili və ortaq ədəbi dil, tədris-metodologiya məsələləri kimi mövzular sovet məkanında türk dillərinin gələcək inkişafı, yazı sisteminin transformasiyası və mədəni inteqrasiya mexanizmləri ilə bağlı strateji qərarların formalaşdırıldığı rəsmi platforma rolunu oynayırdı. Dil, burada sadəcə ünsiyyət vasitəsi kimi deyil, tarixi yaddaşın, mədəni davamlılığın və kollektiv düşüncənin əsas mexanizmi kimi təqdim edilirdi. Türk dilləri arasındakı oxşarlıqların sistemli təsnifatı və qarşılıqlı əlaqələrinin elmi şəkildə göstərilməsi yalnız akademik nəticə deyil, eyni zamanda türk xalqlarının tarixi-mədəni birliyinin elmi təsdiqi idi. Latın qrafikasına keçid ideyası isə türk dillərinin müasir elmin tələblərinə uyğunlaşdırılması, savadlanmanın genişləndirilməsi və qlobal intellektual məkana inteqrasiya istəklərinin ifadəsi kimi qiymətləndirilir.

“I Türkoloji qurultay arxiv sənədlərində” adlı II fəsildə “Arxiv sənədlərinin xronoloji transkripsiyası, seçmə tərcümələr və şərhlər” təqdim olunur. Bu fəsildə əsasən professor Nadir Məmmədli uzun illər tədqiq olunmamış sənədləri aşkar etmiş, onların elmi və tarixi əhəmiyyətini izah etmişdir. Bu sənədlər arasında qurultayın protokolları, məruzə və çıxış mətnləri, rəsmi teleqramlar, komissiya sənədləri kimi materiallar yer alır. Hər bir sənəd tədqiqatçılara qurultayın işləmə mexanizmi və qəbul edilən qərarlar barədə dolğun təsəvvür yaradır.

III fəsil isə “I Türkoloji Qurultay: milli mətbuatda” adlanır. Qurultayda irəli sürülən ideyalar yalnız elmi müzakirələr müstəvisində deyil, həm də ədəbi fikir və publisistika sahəsində öz əksini tapmışdır. Bu baxımdan həmin publisistik irs xüsusi maraq doğurur. Burada “İnformasiya mənbələri” olan “Yeni yol”, “Bakinski raboçi”, “Kommunist”, “Yeni fikir” kimi o dövrün qəzetlərində dərc olunmuş məqalələr toplanmışdır. Hər bir mənbə qurultayın təşkili, qaldırılan problemlər və qəbul edilmiş qətnamələrə müxtəlif yanaşmalar təqdim edir. Bu yanaşmaların hamısı ortaq türk əlifbası, ədəbiyyatı və türk xalqlarının mədəni inteqrasiyası məsələsində eyni məqsədə xidmət edir.

Əsər göstərir ki, I Türkoloji Qurultay yalnız elmi tədbir olmaqla kifayətlənmir, həm də milli düşüncənin tarixində dönüş nöqtəsi kimi çıxış edir. Bu gün türk dünyasında mədəni və elmi inteqrasiya, ortaq dəyərlər üzərində əməkdaşlıq ideyası məhz həmin qurultayda qoyulmuş elmi əsaslara söykənir. Qurultay sübut etdi ki, millətin davamlılığı yalnız siyasi güclə deyil, intellektual birlik və elmi düşüncə ilə təmin olunur. Beləliklə, professor Nadir Məmmədlinin əsəri həm qurultayın tarixi, həm də türkoloji elminin inkişafı üçün ən dolğun və etibarlı informasiya mənbəyi kimi çox qiymətləndir və I Türkoloji Qurultayın 100 illik yubileyinə əvəzsiz töhfədir.

Zülfiyyə İsmayıl,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Naxçıvan Dövlət Universiteti,
AMEA Naxçıvan Bölməsi

Seçilən
36
ikisahil.az

1Mənbələr