"Bu gün qalib ölkənin parlamentində biz 30 aprel tarixində növbəti dəfə Azərbaycan qəhrəmanlığının hər hansı bağlılığımızın və dərin əlaqələrimizin olmadığı Avropa Parlamentində yenidən qərəzli baxışın şahidi olduq. Məlum qətnamə öz-özlüyündə, coğrafi baxımdan nüfuzunu çoxdan itirmiş təsisat olan Avropa Parlamentinin sənədi kimi hər hansı siyasi dəyər daşıyan sənəd deyil".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Bəhruz Məhərrəmov bildirdi.
"Prezidentin Altıncı Çağırış Milli Məclisin ilk iclasında da ifadə etdiyi kimi, biz hətta seçkilərdə belə sağlam subyekt hesab etmədiyimiz Avropa Parlamentinin siyasi dəyərli sənədlərinə xüsusi önəm vermirik. Amma bu siyasi yanaşmada görək Azərbaycandan nə əldə etmək istəyirlər? Təbii ki, nə qədər uzaq durmağa çalışsaq da, qarşıda növbəti siyasi təxribatın olduğu və bu kimi çirkli oyunlarla üzləşdiyimiz aydındır", - deyə o əlavə etdi.
Onun sözlərinə görə, Avropa Parlamentinin 30 aprel 2024-cü il tarixli, əsassız və uydurma məlumatlara əsaslanan bu söz yığını heç bir halda ciddi sənəd hesab edilə bilməz:
"Çünki bu siyasi şantaj hüquqa və beynəlxalq hüququn heç bir prinsipinə əsaslanmır və dövlətlərarası münasibətlərin tənzimlənməsinə birbaşa zidd mahiyyət daşıyır. Avropa Parlamentinin bu mövqeyi 1970-ci il Deklarasiyasının prinsiplərinə, BMT-nin bəyannamələrinə və Helsinki Yekun Aktının müddəalarına, Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlıq sazişlərinə və beynəlxalq müqavilələrə ziddir. Bu qətnamə guya Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi adı altında təqdim olunsa da, əslində regionda postmünaqişə dövründə normallaşma proseslərinə maneə törətmək və açıq qarşıdurma yaratmaq səylərini əks etdirir, Ermənistanı birbaşa təşviq edir. Bu gün bütün dünya Ermənistanla sülh prosesində əsas təşəbbüskar tərəfin, sülh müqaviləsi layihəsini təklif edən və sülh quruculuğu tədbirlərini uğurla təmin edən tərəfin məhz cənab Prezidentin rəhbərlik etdiyi Azərbaycan olduğunu görür. Lakin Avropa Parlamentinin qətnaməsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri ilə bağlı bəyanatlarından sonrakı situasiya qəsdən təhrif olunur və tarixi fon kənara qoyulur".
NURİYYƏ