"Avropa Parlamenti Ermənistanla bağlı “Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi” adlı qətnamə qəbul edərək, növbəti dəfə Azərbaycanı hədəfə alıb. Qətnamədə Azərbaycana qarşı müddəalar tamamilə əsassız, kökündən yanlış və mövcud reallıqlardan uzaqdır. Avropa Parlamentinin regionda post-münaqişə dövründə normallaşma və sülh səylərini dəstəkləmək əvəzinə, qarşıdurma mövqeyi sərgiləməsi regiondakı sülh prosesinə və Azərbaycan-Avropa İttifaqı münasibətlərinə mənfi təsir göstərir".
Ölkə.az xəbər verir ki, bunu deputat Zaur Şükürov parlamentdə çıxışı zamanı deyib.
O qeyd edib ki, üətnamədə 2020-ci ildə 44 günlük Vətən Müharibəsindən və 2023-cü ildə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində tam suverenliyinin bərpasından sonrakı inkişaflar qəsdən təhrif olunur.
Deputat əlavə edib ki, “ədalətsiz həbs” kimi ifadələrdən istifadə etməklə “hərbi əsir” kimi təqdim edilən məhbusların azadlığa buraxılması çağırışları hüquqi cəhətdən yanlış və qəbuledilməzdir:
"Azərbaycan xoşməramlılıq nümayiş etdirərək, 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirlərindən sonra məhbusların böyük əksəriyyətini geri qaytarıb. Hazırda həbsdə olanlar “hərbi əsir” deyil, terrorizm, sabotaj və müharibə cinayətləri də daxil olmaqla ağır cinayətlərə görə barələrində məhkəmə hökmü olan şəxslərdir".
Onun fikrincə, bu Ermənistandakı revanşistlərin səsləndirdiyi fitnəkar iddialarla uzlaşan belə bir mövqe sərgilənməsi dolayısı ilə həmin qüvvələrin və erməni separatçıları tərəfindən xalqımıza qarşı törədilən, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, hakimiyyətin zorla ələ keçirilməsi və digər bu kimi ağır cinayətlərin dəstəklənməsi anlamına gəlir:
"Qətnamədə belə riyakar və iftira dolu oxşar fikirlərin təkrarlanması bu fəaliyyətə cəlb olunmuş və maskalanmış Avropa siyasətçilərinin həqiqi üzünü bir daha nümayiş etdirdi.
Ermənistanla sülh prosesində əsas təşəbbüskar tərəf olan, sülh müqaviləsi layihəsini təklif edən, danışıqlar prosesinin uğurla nəticələnməsini və etimad quruculuğu tədbirlərini irəlilədən Azərbaycanın sabitliyi pozan tərəf kimi təsvir edilməsi riyakarlıqdan başqa bir şey deyil.
Ümumiyyətlə, müəyyən Avropa institutları daxilində daha geniş qərəzli yanaşma hər kəsə yaxşı məlumdur.
Avropa Parlamentinin qətnaməsində yer almış Azərbaycan əleyhinə bu cəfəng və riyakar iddiaları qətiyyətlə pisləyir və rədd edirik. Bu fəaliyyətə cəlb olunmuş şəxslər unutmasınlar ki, ölkəmiz möhtərəm Prezidentimizin liderliyi ilə qarşıya qoyulan hədəflərə uğurla nail olur və regionda sülh, sabitlik, davamlı inkişaf naminə fəaliyyətə qarşı çıxan qüvvələrin niyyətləri yenə də puç olacaq".
Mürtəza