AZ

"Çətin həyat şəraitində olan bütün şəxslər sosial dəstək xidmətləri ilə əhatə olunurlar" - Tünzalə Verdiyeva

DOST TV-nin "Sosial saat" verlişinin son buraxılışında Əmək vəin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin idarə heyəti sədrinin müşaviri Tünzalə Verdiyeva qonaq olub və həssas əhali qruplarına göstərilən xidmətlərdən, səyyar və yarımstasionar formada təqdim olunan xidmətlərdən və bu xidmətlərin növlərindən, eləcə də göstərilmə formasından danışıb.

QHT.az həmin açıqlamanı təqdim edir:

"Sosial xidmətlər benefisiarların ehtiyaclarına uyğun olaraq səyyar, yarımstasionar və stasionar formalarda göstərilir. Bu xidmətlər sosial-hüquqi, sosial-mədəni, sosial-məişət, sosial-pedaqoji, sosial-psixoloji və sosial məsləhət yardımı kimi ayrı-ayrı istiqamətlər üzrə həyata keçirilir və müxtəlif proqramlar çərçivəsində təqdim olunur.

Səyyar formada göstərilən xidmətlər əsasən profilaktik və qabaqlayıcı xarakter daşıyır. Bu xidmətlərə təhsildə sosial iş xidməti, əlilliyi olan uşaqlar və onların ailələri ilə sosial iş, eləcə də liyyə sosial işi daxildir. Həmçinin repatriasiya olunmuş şəxslərin ölkəyə reinteqrasiyası və sosial reabilitasiyası, miqrasiya etmiş şəxslərin isə yenidən inteqrasiyası və reabilitasiyası üzrə xidmətlər də bu kateqoriyaya aiddir.

Bundan əlavə, ənənəvi səyyar xidmətlər çərçivəsində evdə sosial-məişət xidməti də göstərilir.

Yarımstasionar formada ixtisaslaşmış sosial xidmətlərə gündüz qayğı mərkəzlərini misal göstərmək olar. Bu mərkəzlər benefisiarların gündəlik ehtiyaclarının qarşılanmasına və sosial reabilitasiyasına xidmət edir.

Stasionar sosial xidmətlər

Stasionar xidmətlər Sosial Xidmətlər Agentliyinin tabeliyində fəaliyyət göstərən sosial xidmət müəssisələri vasitəsilə həyata keçirilir. Bu müəssisələrdə çətin həyat şəraitinə düşmüş və sığınacağa ehtiyacı olan şəxslər müvafiq sosial xidmətlərlə təmin olunurlar.

Hazırda müxtəlif kateqoriyalara aid 21 sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Onların sırasında valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 6 uşaq evi sosial xidmət müəssisəsi və 2 kiçik qrup evi mövcuddur. Bu müəssisələrdə uşaqlar yaşayır və ərazi üzrə yaxın məktəblərdə təhsillərini davam etdirirlər.

Ahıl şəxslər üçün Bilgəh qəsəbəsində yerləşən 300 yerlik ahıllar evi fəaliyyət göstərir. Burada yaşlı insanlar hərtərəfli sosial xidmətlərlə təmin olunur və rahat yaşayış şəraiti ilə əhatə olunurlar.

Eyni zamanda müəyyən yaşayış yeri olmayan şəxslər üçün sığınacaq, insan alveri qurbanları üçün sosial adaptasiya mərkəzi, eləcə də əlilliyi olan şəxslər və digər həssas qruplar üçün xüsusi sosial xidmət müəssisələri fəaliyyət göstərir.

Ümumilikdə, çətin həyat şəraitində olan və sığınacağa ehtiyacı olan bütün şəxslər stasionar sosial xidmət müəssisələrində müvafiq sosial dəstək və reabilitasiya xidmətləri ilə əhatə olunurlar".

Zəhra Ağayeva

Seçilən
2
qht.az

1Mənbələr