“Aliment Fondunun yaradılması ilə bağlı müxtəlif vaxtlarda təşəbbüslər olub. Təbii ki, bunun müəyyən problemi budur ki, bir çox ailələrə aliment ödənməsi məşğulluq və ya başqa səbəblərdən mümkün olmur. Söhbət uşaqların taleyindən gedirsə, uşaqları ayaqda tutmaq üçün addımlar atılmalıdır və dövlət də bu işdə uşaqların hüquqlarını qoruması üçün maraqlı olmalıdır. Ona görə də belə bir fond yaradıla bilər”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Aliment Fondunun yaradılması ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.
F.Mustafa qeyd edib ki, bunun üçün mükəmməl idarəetmə mexanizmi qurulmalıdır: “Elə etmək lazımdır ki, sui-istifadə edib, aliment özbaşınalığına yol verilməsin, yəni bundan yararlanaraq insanlar daha çox boşanmaya və uşaqları daha çox bu istiqamətdə saxlamaq üçün müəyyən vasitəyə çevirməyə üz tutmasınlar. Əsas problem budur”.
Qeyd: Deputat Siyavuş Novruzov parlamentin mayın 1-də keçirilən plenar iclasında “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı, ölkədə Aliment Fondunun yaradılması ilə bağlı fikirləşdiklərini bildirib. O qeyd edib ki, həmvətənlərimiz Rusiya, Ukrayna, Moldova, Belarus və digər yerlərdə nikaha giriblər, evləniblər və dünyaya uşaqlar gətiriblər və 10 ildən sonra köçüb vətənə qayıdıblar. Bu səbəbdən məhkəmə qaydasında həmin uşaqların saxlanılması üçün aliment tələb olunanda, bunu ödəməlidirlər.
Şəhanə Quliyeva