Ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsinin birinci cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatıb. Builki müsabiqə vəziyyətinin necə olacağı maraqlıdır. Mütəxəssislər abituriyentlər üçün müsabiqənin asan keçməyəcəyini proqnozlaşdırır.
Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndinin təqdim etdiyi statistikaya əsasən, son illərdə ixtisas qrupları üzrə müraciət sayında davamlı artım müşahidə olunur:
2023-cü il
I qrup: 28 864
II qrup: 23 171
III qrup: 22 149
IV qrup: 5 574
2024-cü il
I qrup: 30 137
II qrup: 23 951
III qrup: 25 139
IV qrup: 5 927
2025-ci il
I qrup: 31 138
II qrup: 25 962
III qrup: 28 275
IV qrup: 6 522
2026-cı il
I qrup: 34 010
II qrup: 28 521
III qrup: 28 351
IV qrup: 6 524
Mütəxəssis Pravda.az-a açıqlamasında bildirib ki, builki göstəricilər əvvəlki illərlə müqayisədə daha yüksəkdir və bu, müsabiqə şəraitinin daha da gərgin olacağını deməyə əsas verir:

“Abituriyentlərin sayı artdıqca ixtisaslar üzrə keçid ballarında da yüksəliş qeydə alınır. Bəzi ixtisaslar üzrə plan yerlərinin artırılması balların ciddi artımına səbəb olmur. Lakin plan yerləri artmayan ixtisaslarda müraciət edənlərin sayı ilə mövcud yerlərin müqayisəsi göstərir ki, müsabiqədən kənarda qalanların sayı daha çoxdur. Bu il I, II, III və IV ixtisas qrupları üzrə 94 mindən çox müraciət qeydə alınıb və bu qruplar üzrə abituriyentlərin təxminən üçdə birinin qəbul ola bilməyəcəyi ehtimal edilir”.
E.Əfəndi qeyd edib ki, hazırkı vəziyyətə əsasən, qeyd olunan qruplar üzrə təxminən 35 minə yaxın abituriyentin müsabiqədən keçməyəcəyi proqnozlaşdırılsa da, qarşıdakı blok imtahanlarının nəticələri vəziyyəti daha dəqiq qiymətləndirməyə imkan verəcək: “İndiki mərhələdə ixtisaslar üzrə keçid ballarının artacağı qaçılmaz görünür. Ali təhsilin bakalavriat səviyyəsi üzrə ümumilikdə isə 131 510 nəfər ərizə təqdim edib. Onlardan 65-66 mini kənarda qalacaq. Bu da o deməkdir ki, ali təhsil müəssisələrinə bütün qruplar üzrə müraciət edənlərin 50 faizi kənarda qalır”.
Mütəxəssis onu da vurğulayıb ki, bu il təxminən 65 min abituriyentin ali məktəblərə qəbul olunacağı gözlənilir ki, bu da son illərin ən yüksək göstəricilərindən biri kimi dəyərləndirilə bilər.
Aygün İbrahimli