AZ

“Ölkədə 4250-dən çox məktəb internetə qoşulub” -ETN rəsmisi

Ölkədə ümumi təhsil müəssisələrinin böyük hissəsi internetə çıxışla təmin olunaraq Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub.

Redaktor.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini, Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorunun müdiri Ayla Həsənova-Məmmədova bu barədə “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən 3-cü Forumda çıxışı zamanı məlumat verib.

O bildirib ki, ölkədə fəaliyyət göstərən 4500 ümumi təhsil müəssisəsindən 4254-ü internetə qoşulub. Onlardan 250-dən çox şagirdi olan məktəblər fiber-optik, digərləri isə simsiz internet bağlantısı ilə təmin edilib.

A.Həsənova-Məmmədovanın sözlərinə görə, Azərbaycan Təhsil Şəbəkəsinə qoşulan bütün məktəblərdə internet istifadəsi zamanı zərərli məzmun süzgəcdən keçirilir və təhlükəsiz mühit təmin olunur. O qeyd edib ki, rəqəmsallaşma artıq yalnız texnoloji deyil, həm də milli təhlükəsizlik və dayanıqlı inkişaf məsələsinə çevrilib.

Nazirlik rəsmisi əlavə edib ki, ölkədə “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində şagirdlər süni intellekt, alqoritmik düşüncə və kibertəhlükəsizlik sahəsində biliklər əldə edirlər. Layihə 59 rayon və şəhərdə 772 məktəbdə tətbiq olunur və 530 mindən çox şagirdi əhatə edir.

O, həmçinin STEAM layihəsi, “Kod saatı - Milli Hakaton”, “BilBacar” kimi təşəbbüslərin şagirdlərin rəqəmsal bacarıqlarının inkişafına töhfə verdiyini bildirib.

Qeyd olunub ki, sosial media və maarifləndirici platformalarda yayımlanan audiovizual materiallar və podkastlar şagirdlərin keyfiyyətli məzmuna yönləndirilməsində mühüm rol oynayır.

Seçilən
23
redaktor.az

1Mənbələr