AZ

KTN-də Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Kənd Təsərrüfatı Nazirliyində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Əbədiyyətə qovuşan ömrün 103-cü baharı” mövzusunda tədbir keçirilib. Tədbir Yeni Azərbaycan Partiyası və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub. 

"Unikal" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Kənd Təsərrüfatı Nazirliyinin inzibati binasının foyesində ucaldılmış büstünün önünə əklil qoyub, əziz xatirəsini ehtiramla anıblar. Daha sonra tədbir iştirakçıları Ulu Öndərin aqrar sahədə fəaliyyətindən bəhs edən foto sərgi ilə tanış olublar.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş film nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ümummilli Lider Heydər Əliyevin ömrünü Azərbaycanın dövlət müstəqilliyi və yüksəlişi ilə eyniləşən əbədi bir yol adlandırıb. Nazir qeyd edib ki, Ulu Öndərin fəaliyyətinin hər bir mərhələsi xalqımızın rifahına, ölkəmizin qüdrətlənməsinə xidmət edib: “Bu gün Ümummilli Liderin siyasi kursu möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndərin müəyyən etdiyi strateji xətt bu gün Cənab Prezident İlham Əliyevin yürütdüyü aqrar siyasət nəticəsində ölkəmizi kənd təsərrüfatı sahəsində innovasiyaların, “yaşıl iqtisadiyyat”ın və “ağıllı kənd” konsepsiyalarının tətbiq olunduğu məkana çevirib. Xüsusilə vurğulamaq istəyirəm ki, işğaldan azad edilmiş və “Yaşıl Enerji Zonası” elan olunmuş Qarabağ və Şərqi Zəngəzurun münbit torpaqlarının yenidən əkin dövriyyəsinə qaytarılması Ulu Öndərin ruhunu şad edən ən böyük tarixi hadisələrdəndir”. 

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Ulu Öndərin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən, müstəqil Azərbaycan dövlətinin qurulması, müstəqilliyinin qorunub saxlanılması istiqamətində fəaliyyətindən bəhs edib. YAP rəsmisi qeyd edib ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə həyata keçirilən tədbirlər ölkəmizin iqtisadi potensialının artması və dayanıqlı inkişafına möhkəm zəmin yaradıb.   

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev çıxışında Ümummilli Liderin Azərbaycana hakimiyyəti dövründə əldə edilən uğurlara toxunub. Komitə sədri qeyd edib ki, Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə iqtisadiyyatın bütün sahələrində olduğu kimi aqrar sahənin inkişafında da yeni dönüş mərhələsi başlayıb, kənd təsərrüfatı istehsalının əsaslı yüksəlişi təmin edilib. 

Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərindən bəhs edib. O qeyd edib ki, Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə kənd təsərrüfatı sadəcə iqtisadi deyil, milli təhlükəsizlik və sosial rifahın əsas dayaqlarından biri kimi qiymətləndirilib, Heydər Əliyevin aqrar siyasəti uzunmüddətli dövr üçün strateji yanaşmanı özündə ehtiva edən siyasət olmaqla bütövlükdə ölkəmizin dinamik inkişafını təmin edib.  

Azərbaycanın siyasi və dövlət xadimi, diplomat, tarix elmləri doktoru Həsən Həsənov Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, Azərbaycanın həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və prinsipial siyasəti, tarixi irsimizin qorunmasında misilsiz xidmətlərindən bəhs edib. 

Tədbirdə çıxış edən natiqlər vurğulayıblar ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən siyasət, məqsəd, vəzifə və prinsiplərə əsaslanan sosial-iqtisadi siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olan şəxslərə üzvlük vəsiqələri təqdim edilib.

Seçilən
13
50
unikal.az

10Mənbələr