AZ

“Müraciət hüququnun səmərəli təmini vacibdir” - Deputat

"Azərbaycan Respublikası Konstitusiyasında islahatlara dair yeni layihənin təqdim olunması, açığı, müasir dövrün tələblərinə, həmçinin rəqəmsal transformasiya və yeni mərhələnin çağırışlarına uyğunluğu ilə diqqət çəkir. Təbii ki, inkişaf və rifah yalnız müasir xidmətlərdə ifadə olunur və bir sıra hallarda hüquq və azadlıqlar, o cümlədən Konstitusiyamızın 57-ci maddəsində təsbit edilmiş müraciət hüququ, insan rifahı üçün müasir xidmətlərdən birbaşa asılıdır. Ona görə də müraciət hüququnun səmərəli təmin edilməsi və hər bir vətəndaşın inkişafdan bəhrələnməsi çox vacibdir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Bəhruz Məhərrəmov “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında danışarkən bildirdi.

Onun sözlərinə görə, Prezidentin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olmuş “Vətəndaşların müraciətləri haqqında” qanuna dəyişiklik layihəsi müraciətlər üçün rəqəmsal, normativ və praktik bazanın inkişafını nəzərdə tutur:

"Eyni zamanda müraciət imkanlarını genişləndirərək müasir dövrün tələbi olan bu hüququn daha səmərəli təmin edilməsini hədəfləyir. Qanun layihəsi bizə imkan verəcək ki, vətəndaşların müraciətlərinin qəbulu, qeydiyyatı, onlara baxılması və baxılma nəticələrinin izlənilməsi, eləcə də vətəndaş qəbulu prosedurlarının elektronlaşdırılması prosesi təkmilləşdirilsin, habelə təkrar xarakterli müraciətlərin qarşısı alınsın. Bilirsiniz ki, bu il fevralın 22-də Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında möhtərəm Prezidentin fərmanı ilə rəqəmsal inkişafın prioritet istiqamətləri müəyyənləşdirilmişdir. Bu sahədə dövlət siyasətini vahid və əlaqələndirilmiş şəkildə həyata keçirmək məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin sədrliyi ilə Rəqəmsal İnkişaf Şurası yaradılıb.

Prezidentin Sərəncamı və müvafiq fərmanına uyğun olaraq Mehriban xanım Əliyevanın bu istiqamətdə təşəbbüsləri çərçivəsində elektron hökumət sahəsində fəaliyyətin daha səmərəli təşkili, dövlət idarəetməsinin optimallaşdırılması, xidmətlərin keyfiyyətinin yüksəldilməsi, eləcə də bu vaxta qədər aparılmış təhlillər əsasında proqnoz və hesabatların hazırlanması, onların nəticələri əsasında dövlət tənzimləməsinin həyata keçirilməsi istiqamətində daha çevik idarəetmə mexanizmləri formalaşır. O cümlədən idarəçiliyin bütün istiqamətlərində rəqəmsallaşmanın təmin edilməsi üçün müvafiq normativ hüquqi aktlarda dəyişikliklər aparılır. Təqdim olunan qanun layihəsində nəzərdə tutulan dəyişikliklər bu məqsədə xidmət etməklə yanaşı, Rəqəmsal İnkişaf Şurasının bu istiqamətdəki ilkin fəaliyyətinin uğurlu nəticəsi kimi də qiymətləndirilə bilər. Təbii ki, bu, çox əhəmiyyətli layihədir və konstitusion hüquqların daha səmərəli təmininə xidmət edir".

NURİYYƏ

Seçilən
1
redaktor.az

1Mənbələr