AZ

Vyanada “Tarixin səhifələri”

Xalq qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Vyanada yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində “Tarixin səhifələri” adlı musiqili tədbir keçirilib.

XQ xəbər verir ki, tədbir XX əsrin görkəmli sovet bəstəkarı Dmitri Şostakoviçin 120 illiyinə və Vyanadakı “Musiqi sevinc bəxş edir” (“Musik macht Freude - MmF”) adlı musiqi məktəbinin “Sun Dance Company” rəqs studiyası ilə əməkdaşlığının beş illiyinə həsr olunub.

Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi, adları çəkilən musiqi məktəbinin və rəqs studiyasının birgə təşkilatçılığı ilə baş tutan musiqili tədbirin fəxri qonağı isə Vyana Dövlət Operasının gənclər xorunun rəhbəri, avstriyalı musiqiçi, dirijor Yohannes Mertl olub.

“MmF” musiqi məktəbinin təsisçisi və rəhbəri Fərəh Tahirova çıxışında məktəbin və “Sun Dance Company” rəqs studiyasının beynəlxalq festivallarda və konsertlərdə ölkəmizi uğurla təmsil etmələrindən danışıb. O, həmçinin Azərbaycanın Avstriyadakı mərhum səfiri, peşəkar diplomat Fuad İsmayılovla bağlı xatirələrini bölüşərək, onun Azərbaycan–Avstriya diplomatik və mədəni əlaqələrinin inkişafında xüsusi rol oynadığını vurğulayıb. 2006-cı ildə Vyana Kamera Operasının səhnəsində Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının alman dilində tamaşaya qoyulmasında və həmin ildə Vyananın Donaupark ərazisində dahi bəstəkarın abidəsinin ucaldılmasında Fuad İsmayılovun şəxsi təşəbbüsü və mühüm xidmətlərinin olduğunu xatırladıb.

Tədbirdə Dmitri Şostakoviç haqqında qısa film nümayiş olunub. “MmF” musiqi məktəbinin şagirdləri bəstəkarın həyatı barədə zəngin arxiv fotomaterialları əsasında hazırlanan slayd-şounun müşayiəti ilə maraqlı faktlar səsləndiriblər. Onun Azərbaycan musiqi mədəniyyəti və azərbaycanlı bəstəkarlarla əlaqələri, eləcə də Azərbaycan bəstəkarlıq məktəbinin inkişafındakı mühüm rolundan bəhs ediblər. Bəstəkarın “Onuncu” simfoniyası haqqında təqdimatlar da böyük maraqla qarşılanıb. Simfoniyanın üçüncü hissəsində Şostakoviçin sevimli azərbaycanlı tələbəsi, tanınmış bəstəkar Elmira Nəzirovanın mövzusu ön planda dayanır. Tədbirin diqqətçəkən məqamlarından biri isə Azərbaycan bəstəkarlıq məktəbinin iki görkəmli nümayəndəsi Qara Qarayev və Cövdət Hacıyevin Moskva Konservatoriyasında Dmitri Şostakoviçin sinfində təhsil almaları və sonrakı dostluqları haqqında məlumat olub.

Tədbirin bədii hissəsində Dmitri Şostakoviçin uşaqlar üçün bəstələdiyi fortepiano silsiləsindən pyeslərlə yanaşı, Azərbaycan, Avropa və rus bəstəkarlarının əsərlərindən ibarət zəngin musiqili proqram təqdim olunub. Qara Qarayev və Cövdət Hacıyevin uşaq fortepiano silsilələrindən “Əfsanə” (“Legende”), “Kədərli hekayə” (“Sad Story”) və Qara Qarayevin “İldırımlı yollarla” baletindən “Laylay” əsərləri ifa olunub. “MmF” musiqi məktəbinin şagirdlərinin, Vyana Musiqi Gimnaziyasının (MGW) və Margareten şəhər musiqi məktəbinin tələbələrinin ifaları tədbir iştirakçılarını heyran edib.

“Sun Dance Company” rəqs studiyasının xoreoqrafı Lyudmila Detkovanın rəhbərliyi ilə gənc rəqqasələrin ifaları tədbirə xüsusi gözəllik qatıb.

Sonda tədbirin təşkilinə göstərilən dəstəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımovaya təşəkkür edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
4
xalqqazeti.az

5Mənbələr