AZ

Kollec tələbələri BMU ilə tanış olublar

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin bir qrup birinci kurs tələbəsi kimya müəllimlərinin rəhbərliyi ilə Bakı Mühəndislik Universitetində (BMU) ekskursiyada olub.

BMU-dan AzEdu.az-a bildirilib ki, tələbələr universitetin maddi-texniki bazası, müasir laboratoriyaları, o cümlədən kimya, kimya mühəndisliyi, biotexnologiya üzrə elmi-tədris infrastrukturu ilə yaxından tanış olublar. Onlara ali təhsil müəssisəsində həyata keçirilən tədris prosesi, innovativ yanaşmalar və elmi-tədqiqat fəaliyyəti barədə ətraflı məlumat verilib.

Səfər çərçivəsində tələbələrin BMU-nun rektoru Yaqub Piriyevlə görüşü təşkil edilib. Rektor bu cür ekskursiyaların akademik dünyagörüşünün genişləndirilməsi, ali təhsil mühiti ilə tanışlıq, habelə təhsil sahəsində inteqrasiya baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. BMU-nun son illər beynəlxalq reytinqlərdə əldə etdiyi nailiyyətlər, açılan yeni ixtisaslar, Çin və Cənubi Koreya universitetləri ilə həyata keçirilən ikili diplom proqramları, habelə Pekin Kimya Texnologiya Universiteti (PKTU) ilə birgə yeni yaradılan PKTU-BMU Mühəndislik fakültəsi barədə zəruri məlumatlar nəzərə çatdırılıb.

Görüş zamanı tələbələrin akademik maraq dairəsinə uyğun olaraq ünvanladıqları suallar ətraflı cavablandırılıb, onların gələcək təhsil, karyera perspektivləri və beynəlxalq təcrübə əldə etmə imkanları ilə bağlı fikir mübadiləsi aparılıb. Müzakirələrdə tələbələrin fərdi inkişafının formalaşdırılması, qlobal əmək bazarının tələblərinə uyğun kompetensiyaların inkişaf etdirilməsi və beynəlxalq akademik mühitə inteqrasiyanın əhəmiyyəti xüsusi diqqət mərkəzində saxlanılıb.

Seçilən
1
2
azedu.az

3Mənbələr