Xəbər verdiyimiz kimi, Azərbaycan Nazirlər Kabineti Dövlət Neft Şirkətinin (SOCAR) 2026-cı il 1 may – 2027-ci il 31 mart tarixlərində idxal edəcəyi Aİ-92 benzini və dizel yanacağı üçün aksiz vergisini müvəqqəti olaraq hər ton üçün simvolik 1 manat səviyyəsində müəyyən edib.
Musavat.com-un məlumatına görə, hökumət izah edir ki, qərarın məqsədi daxili yanacaq bazarında sabitliyin təmin edilməsi və fasiləsiz təchizatın qorunmasıdır.
Məlumdur ki, Azərbaycan ötən ilin payızından etibarən Ermənistana benzin və dizel yanacağı ixrac edir. Açıqlanan məlumatlara əsasən, aprelin 12-də Azərbaycandan Ermənistana 15 vaqon, 14-də isə 22 vaqon dizel yanacağı ixrac olunub. İndiyədək ümumilikdə Ermənistana 6312 ton dizel yanacağı (sonuncu tədarük daxil), 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.
Nazirlər Kabinetinin qeyd olunan qərarı Ermənistana neft məhsullarının ixracına da təsir edəcəkmi?
Qeyd edək ki, Nazirlər Kabinetinin haqqında bəhs olunan qərarına əsasən, SOCAR güzəştli şərtlərlə yalnız 205 min ton Aİ92 benzini, 201 min ton dizel yanacağı idxal edə bilər. Bu isə o deməkdir ki, güzəşt daxili istehlaka yönəldiləcək yanacağa şamil edilə bilər. Çünki əks halda, ölkədə həm Aİ92, həm də dizel yanacağının qiymətinin bahalaşması qaçılmaz olacaq ki, bu da Nazirlər Kabinetinin qərarında göstərilən məqsədə - daxili bazarda qiymət sabitliyinin qorunmasına nail olunmaması demək olar.
Rəsmi statistikaya əsasən, 2025-ci ildə Azərbaycan 64 milyon 395,89 min dollar dəyərində 83001,37 ton Aİ92 markalı, 118 milyon 851,81 min dollar dəyərində 138 563,17 ton Aİ95 markalı benzin idxal edib. Cari ilin iki ayında Aİ92 idxalı qeydə alınmayıb, yalnız Ermənistana 672,4 min dollar dəyərində 979,46 ton ixrac olub. Aİ95 idxalı isə 29 milyon 915,84 min dollar dəyərlə 34495,82 ton təşkil edib. Bu dövrdə yenə Ermənistana 1 milyon 167,99 dollar dəyərində 1743,22 ton Aİ95 ixrac edilib.

İki ayda Aİ95 idxalı illik ifadədə dəyər baxımından 66,8 faiz, həcm baxımından isə 64,3 faiz artıb. 2025-ci ilin eyni dövründə bu benzinin idxalı 17,93 milyon dollar dəyərlə 21 min ton təşkil etmişdi.
Ölkədə istehsala gəlincə, rəsmi statistika ötən il 1 milyon 466,7 min ton avtomobil benzini istehsal olunduğuna dair məlumat yayıb. Bu, əvvəlki illə müqayisədə 17,2 faiz çoxdur. Bu həcmin nə qədərinin Aİ95, nə qədərinin Aİ92 olduğu açıqlanmır. Lakin ötən ilin 9 ayına dair məlumatda Aİ95 benzininin istehsalında 45 faiz azalma olduğu bildirilmişdi.
Bu ilin 3 ayında benzin istehsalı ötən ilin əvvəlki dövrü ilə müqayisədə 7,3 faiz artmaqla 360,5 min ton təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkənin pərakəndə ticarət şəbəkələrində 955,4 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb. Bu, illik müqayisədə 5.7 faiz çoxdur. Bu artımın həcm deyil, dəyərə görə baş verdiyini söyləmək olar. Çünki ilin əvvəlində benzinin qiyməti 4.5 faiz, dizel isə 10 faiz qaldırılıb.
Ötən ilin sonlarında məlum oldu ki, bu il büdcəyə neft-qaz sektorundan 779 milyon manat aksiz gəlirinin daxil olması nəzərdə tutulur. Bu, 2025-ci il göstəricisindən 196,7 milyon manat və ya 20,2 faiz azdır. Yanacaq Enerji Balansında isə bu il Azərbaycanda daxili istehlaka yönəldilən Aİ-95 markalı avtomobil benzini istehsalına dair göstərici yer almayıb. Buna əsaslanmaqla bir sıra KİV-lər bu il Aİ95 istehsal olunmayacağına dair məlumat yaymışdılar. Lakin SOCAR-dan bu məlumat təkzib edilib. Şirkətdən mətbuata verilən açıqlamaya əsasən, Heydər Əliyev adına Neft Emalı Zavodunda 2026-cı ildə Euro-5 standartına uyğun 1.4 milyon ton avtomobil benzini, 2.3 milyon ton dizel yanacağı istehsalı planlaşdırılıb.

Şirkətdən bildirilib ki, 2025-ci ildə Euro-5 standartına uyğun 1.5 milyon ton avtomobil benzini, 2.5 milyon ton dizel yanacağı istehsal edilib:
“Neft emalı və neft-kimya sahəsinin etibarlı, təhlükəsiz, ekoloji cəhətdən təmiz və fasiləsiz fəaliyyətinin təmin edilməsi əsas məqsəd olaraq müəyyən edilib”.
Yanacaq Enerji Balansında həmçinin ölkədə bu il üzrə Aİ-92 istehlakı 239 900 ton və ya 14,7 faiz, dizel yanacağı istehlakı isə 298 500 ton və ya 13,7 faiz azalma ilə proqnozlaşdırılıb. Beləliklə, neft-qaz sektorundan aksiz ödənişlərindəki azalmanın yalnız Aİ92 və dizel yanacağı istehlakının azalacağı ilə bağlı olduğu ehtimal edilirdi. Lakin Nazirlər Kabinetinin qəbul etdiyi qərar göstərir ki, azalma həm də idxal olunan benzinin aksiz ödənişindən azad olunması ilə bağlı hesablanıbmış.

Enerji məsələləri üzrə ekspert İlham Şabanın dediyinə görə, Nazirlər Kabinetinin aprelin 27-də qəbul etdiyi qərar adətən ölkənin yeganə yanacaq istehsalçısı olan Heydər Əliyev adına Neft Emalı Zavodunda planlı və profilaktik təmir işləri olanda qəbul edilir:
“Dövlət Statistika Komitəsinin hesabatlarına əsasən, Azərbaycan Aİ-92 markalı benzinin idxalının ən yüksək həcmini 2024-cü ildə həyata keçirib. Həmin il 262,4 min ton Aİ-92 markalı avtomobil benzinin idxalına 225,85 milyon dollar ödəniş həyata keçirilib. Hökumət ölkə daxilində dövlət tərəfindən tənzimlənən avtomobil yanacağı qiymətlərinin sabitliyininin təmin edilməsi və daxili bazarın fasiləsiz yanacaqla təchizatının qorunması məqsədi ilə 11 ay ərzində ölkəyə idxal ediləcək yanacağa simvolik aksiz vergisi tətbiq edib. Əslində belə qərarların verilməsi yenilik deyil. Hökumət o zaman bu cür addımlar atır ki, yanacaq istehsal edən Bakı Neft Emalı Zavodu illik cari təmirə və modernizasiya işləri məqsədi ilə fəaliyyətinə müvəqqəti fasilə verir. Adətən bu müddət 1-2 ay çəkir. Ona görə də hökumət əvvəllər ölkənin daxili yanacaq tələbatının ödənilməsi və qiymətlərin stabilliyini saxlamaq üçün idxal vergisindən azadolmanı 3-4 ay müddətinə tətbiq edirdi.
Bəs indi niyə bu az qala bir ilə yaxın müddətə tətbiq edilir? Məntiqlə bu, zavodda aparılacaq təmir və modernizasiya işləri dövrünü və NEZ işə düşdükdən sonra mövcud istehsal gücünü yığana qədər olan dövrü əhatə etməlidir. Kənar müşahidə ilə bu qənaətə gəlmək olar. Amma daha dəqiq və dolğun cavabı təbii ki, hökumətin özü, ya da zavodun sahibi - SOCAR verə bilər”.
DÜNYA,
Musavat.com