ain.az, Azvision portalına istinadən məlumatı açıqlayır.
Bu sözləri Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) baş direktoru Rəşad Əzizov deyib. O qeyd edib ki, son illərdə mədəni və yaradıcı sənayenin inkişafı dövlət siyasətinin diqqət mərkəzindədir. “Bu prosesə Prezident Fərmanı ilə 2022-ci ildə təsdiq olunan “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində başlanılıb. Son üç il ərzində bu istiqamətdə böyük nəticələr əldə olunub. Belə ki, 2022-ci ildə mədəni və yaradıcı sənayenin ümumi daxili məhsuldakı payı 0,6 faiz idisə, strategiyanın icrası nəticəsində ötən il bu rəqəm 1 faizə qalxıb. Mədəni və yaradıcı sənayenin ÜDM-dəki payının böyüməsi həm məşğulluğun artmasına, həm də bəzi digər makroiqtisadi göstəricilərin yaxşılaşmasına töhfə verib. Ötən il Nazirlər Kabinetinin qərarı ilə mədəni və yaradıcı sənayelərin təsnifatı qəbul edilib. Bu il edilən dəyişikliklər ilə “mədəni və yaradıcı sənaye” anlayışı “Mədəniyyət haqqında” qanunda əksini tapıb. Bununla da sözügedən sahədə dayanıqlı islahatların aparılması üçün yeni imkanlar yaranır, fundamental hüquqi əsas formalaşır”, deyə R.Əzizov əlavə edib. Baş direktor qeyd edib ki, məqsədlərdən biri gələcəkdə bu sahədə fəaliyyət göstərən fərdlərə və kommersiya şirkətlərinə müvafiq qrantların təqdim olunması üçün əsasın yaradılmasıdır. “Mədəni və yaradıcı sənaye sahəsində qrantların verilməsi ilə bağlı qaydaların qəbulu Nazirlər Kabinetinə, icrası isə Mədəniyyət Nazirliyinə həvalə edilir. Eyni zamanda, bu sahədə investisiya layihələri üzrə səlahiyyətlər artıq Mədəniyyət Nazirliyinin əsasnaməsində əksini tapıb. Mədəni və yaradıcı sənaye hazırda ölkədə ən dinamik inkişaf edən sahələrdən biridir. Dövlət bu sahədə tənzimləmə funksiyasını artırmaqla kiçik və orta sahibkarlığı təşviq edir, eyni zamanda, daxildə formalaşan məhsul və xidmətlərin rəqabət qabiliyyətinin artırılmasına diqqət yetirir. Nəticədə ixraca fokuslanan yeni layihələr həyata keçirilir. Bu sahədə insan kapitalının artırılması böyük əhəmiyyət daşıyır. Bu məqsədlə müvafiq bacarıqların inkişafına yönəldilmiş layihələr həyata keçirilir. Mədəniyyət Nazirliyi tərəfindən bu məqsədlə xüsusi təqaüd proqramları təsis olunub və hər il göstəricilər artmaqdadır. Strategiyanın icrası çərçivəsində Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi yaradılıb. Bu mərkəzin daxilində yeni startaplar qurulub, onların bir qismi KOBİA-nın şəhadətnaməsini alıb. Bundan başqa, müxtəlif yaradıcı təlimlər təşkil olunub, onları başa vuran 700-dən çox şəxs müvafiq bacarıqların artırılması ilə bağlı sertifikatlaşdırılıb”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.