Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Üzeyir Cəfərov: “Döyüş şəraitində hər saniyə həlledicidir, yeni sistem həyat xilas edəcək”
Qanunvericiliyə “hərbi qulluqçuların şəxsi jetonu” anlayışı daxil edilir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, şəxsi jeton həlak olmuş, ölmüş, xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların şəxsiyyətini müəyyən etmək üçün istifadə edilən, fərdi identifikasiya nömrəsini və qan qrupunu özündə əks etdirən nişandır. Hərbi qulluqçular hərbi xidmət keçdikləri dövlət orqanları (dövlət orqanının strukturuna daxil olan qurumlar) tərəfindən şəxsi jetonla təmin edilirlər. Hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi, həmçinin şəxsi jetonun təsviri, xüsusiyyətləri və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Qeyd edilib ki, hərbi qulluqçular xidmət vəzifələrini yerinə yetirərkən müxtəlif risklərlə üzləşirlər. Xidməti fəaliyyəti ilə əlaqədar olaraq döyüş əməliyyatları və digər fövqəladə hallarda onların həlak olması və ya xəsarət alması (yaralanma, travma, kontuziya, tanınmaz hala düşməsi v. sair) halları baş verə bilir. Belə vəziyyətlərdə hərbi qulluqçuların şəxsiyyətinin operativ qaydada müəyyən edilməsi və onlara tibbi yardımın vaxtında və düzgün göstərilməsi (xüsusilə qan qrupu barədə məlumatların mövcudluğu baxımından) həyati əhəmiyyət daşıyır. Bu baxımdan, hərbi qulluqçuların beynəlxalq təcrübədə geniş tətbiq edilən və effektivliyini sübut etmiş mexanizmdən - fərdi identifikasiya ilə təmin olunma üsulundan istifadəsinə zərurəti vardır. Bu məsələnin həlli üçün qanunvericiliyə "Şəxsi jeton" anlayışı və istifadə qaydalarının əlavə edilməsi təklif edilir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Sherg.az-a açıqlamasında deyib ki, bu qərar ordunun müasir standartlara uyğunlaşdırılması baxımından gecikmiş olsa da, son dərəcə vacib addım kimi qiymətləndirilə bilər. Ekspertin sözlərinə görə, dünyanın inkişaf etmiş ordularında hərbi qulluqçunun şəxsi jetonu onun hərbi geyiminin ayrılmaz elementi hesab olunur:
“Bu nişanlar xüsusilə döyüş və fövqəladə şəraitdə hərbçinin kimliyinin operativ şəkildə müəyyənləşdirilməsi, eləcə də zəruri məlumatların qorunması baxımından ən etibarlı vasitələrdən biridir. İndiyədək bu sahə müxtəlif formalarda tənzimlənsə də, qanunvericilik səviyyəsində vahid jeton sisteminin tətbiqi həm idarəetməni təkmilləşdirəcək, həm də praktiki effektivliyi artıracaq”.
Ekspertin sözlərinə görə, şəxsi jetonların tətbiqi hərbi tibbi xidmətin operativliyinə də birbaşa təsir edəcək: “Döyüş şəraitində yaralanan hərbçiyə yardım göstərilərkən hər saniyə həlledici rol oynayır. Jeton üzərində qan qrupunun qeyd olunması tibb personalına vaxt itirmədən düzgün müdaxilə imkanı yaradır. Bununla yanaşı, ən ağır və qarışıq vəziyyətlərdə belə hərbi qulluqçunun şəxsiyyətinin itirilməməsi, onun taleyi ilə bağlı məlumatların dəqiq aparılması bu sistem vasitəsilə təmin edilir. Bu, eyni zamanda şəhid ailələrinin və yaralıların yaxınlarının vaxtında və dəqiq məlumatlandırılması baxımından da mühüm əhəmiyyət daşıyır, mümkün qeyri-müəyyənliklərin qarşısını alır.”
Ü. Cəfərov qeyd edib ki, jeton sisteminin üstünlükləri təkcə döyüş dövrü ilə məhdudlaşmır: “Şəxsi jeton hərbi qulluqçunun bütün xidmət dövrü ərzində onun daimi müşayiətçisidir. Bu nişanların hazırlanması, onların itirilməyən və yanmayan materiallardan olması hərbçinin fərdi kimliyinin hər bir halda sığortalanması deməkdir. Milli Məclisdə qəbul ediləcək bu dəyişiklik hərbi idarəetmənin təkmilləşdirilməsi və hər bir əsgərimizin şəxsi məlumatlarının dövlət səviyyəsində daha ciddi uçota alınması yolunda atılmış mühüm addımdır”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.