AZ

QHT “Səssiz Xəbərdarlıq” layihəsinə start verir

Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi tərəfindən “Səssiz Xəbərdarlıq” – fövqəladə hallar zamanı səssiz, vizual xəbərdarlıq adlı layihəyə start verilib.

QHT.az xəbər verir ki, layihə rəhbəri Cəmilə Çingizqızı xəbər verir ki, bu layihənin əsas məqsədi fövqəladə hallar zamanı eşitmə məhdudiyyətli şəxslərin təhlükəsizliyini təmin etmək, onların operativ və düzgün məlumat almasına şərait yaratmaq, həmçinin bu sahədə mövcud boşluqları aradan qaldırmaqdır. Məlum olduğu kimi, fövqəladə vəziyyətlərdə verilən səsli xəbərdarlıqlar eşitmə məhdudiyyətli şəxslər üçün əlçatan olmur və bu da onların həyat və sağlamlığı üçün ciddi risklər yaradır. “Səssiz Xəbərdarlıq” layihəsi məhz bu problemi həll etməyə yönəlib.

3 ay müddətində həyata keçiriləcək layihə çərçivəsində fövqəladə hallar zamanı eşitmə məhdudiyyətli şəxslərin davranış qaydaları, təhlükəsizlik tədbirləri və düzgün reaksiyalar barədə geniş maarifləndirmə işi aparılacaq. Bu istiqamətdə:

* vizual və işarət dilində məlumatlandırıcı videolar hazırlanacaq,
* işarə dili ilə izahlı maarifləndirici materiallar təqdim olunacaq,
* sosial şəbəkələr və rəqəmsal platformalar vasitəsilə məlumatlar geniş auditoriyaya çatdırılacaq,
* çap və elektron formada maarifləndirici vəsaitlər hazırlanaraq paylanacaq.

Layihə çərçivəsində həmçinin fövqəladə hallar zamanı istifadə oluna biləcək vizual xəbərdarlıq vasitələrinin təşviqi, inklüziv təhlükəsizlik yanaşmasının təbliği və cəmiyyətin bu mövzuda məlumatlılığının artırılması da nəzərdə tutulur.

Layihə rəhbərinin sözlərinə görə layihənin həyata keçirilməsi eşitmə məhdudiyyətli şəxslərin fövqəladə hallarda daha təhlükəsiz və məlumatlı davranmasına imkan yaradacaq, eyni zamanda dövlət qurumları və cəmiyyət üçün inklüziv yanaşmanın vacibliyini bir daha önə çıxaracaq.

“Səssiz Xəbərdarlıq” layihəsi inklüziv təhlükəsizlik mühitinin formalaşdırılmasına töhfə verməyi və eşitmə məhdudiyyətli şəxslərin həyat keyfiyyətinin artırılmasını hədəfləyir.

Seçilən
13
qht.az

1Mənbələr