ain.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 1 may, AZƏRTAC
İqlim dəyişmələrini yaradan səbəblər mürəkkəb və müxtəlifdir. Onların formalaşmasında həm təbii amillər, yəni Günəş fəallığının dəyişməsi, atmosfer sirkulyasiyası, okean və quru səthləri arasında istilik və rütubət mübadiləsi, vulkanik püskürmələr, həm də antropogen təsirlər, məsələn, istixana qazlarının artması, sənaye fəaliyyəti, meşələrin qırılması və şəhərləşmə prosesləri mühüm rol oynayır.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun iqlim şöbəsinin aparıcı elmi işçisi coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyev məlumat verib. O, yay fəslində troposferin orta təbəqəsində (5–5,5 kilometr hündürlükdə, 500 hPa səviyyəsi) barik sistemlərin yerləşməsi və bunun hava şəraitinə təsiri barədə məlumat verib.
Tədqiqatçının sözlərinə görə, 60° şimal enliyindən yuxarı ərazilərdə yay dövründə əsasən siklonik sirkulyasiya müşahidə olunur. Bu zaman Qərbi Avropa üzərindən keçən siklon çökəyi cənub enliklərinə qədər uzanır. Eyni zamanda, Qərbi Sibir üzərində geniş ərazini əhatə edən digər bir siklon formalaşır.
Mərkəzi və Şərqi Avropa üzərində isə subtropik antisiklonun şimala doğru uzanan yüksək təzyiq yalı yerləşir. Troposferin orta təbəqəsində müşahidə olunan bu barik sistemlərin belə paylanması aşağı təbəqələrdə də hava proseslərinə təsir göstərir.
Nəticədə, Avropanın cənubunda və Şimali Qafqazda Azor antisiklonunun təsiri güclənir, bəzən isə onun təsir zonası Azərbaycan ərazisinə qədər genişlənir. Bu proses Qafqaz regionunda zonal sirkulyasiyanın zəifləməsinə və meridional axınların artmasına səbəb olur.
Həsən Nəbiyev qeyd edib ki, bu atmosfer şəraiti hava kütlələrinin transformasiyasına gətirib çıxarır, nisbi və mütləq rütubət azalır, nəticədə quraqlıq və yüksək temperatur üçün əlverişli şərait yaranır. Bundan əlavə, zəif qradiyentli barik sahələrin mövcudluğu hava kütlələrinin uzun müddət yer səthindən qızmasına və temperaturun daha da artmasına səbəb olur.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.