AZ

Brüssel qətnaməsinə Bakı cavabı: etiraz notası və siyasi qərar

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç XİN-ə çağırılaraq Avropa Parlamentinin 30 aprel tarixli qətnaməsinə görə kəskin etiraz ifadə olunub və qarşı tərəfə rəsmi nota təqdim edilib.

Görüşdə sənəddə yer alan Azərbaycanın ünvanına səsləndirilmiş iddiaların reallığı təhrif etdiyi, suverenlik və ərazi bütövlüyü prinsiplərinə zidd olduğu xüsusi vurğulanıb. Həmçinin bu yanaşmanın Azərbaycan–Aİ münasibətlərinə və regionda normallaşma prosesinə mənfi təsir göstərdiyi qeyd edilib.

Politoloq Şəhla Cəlilzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra bir sıra Qərb siyasi dairələri ölkəmizə qarşı açıq hibrid hücuma keçmişlər. Bu hücumlar nəinki səngimir, əksinə müvafiq ölkə və təşkilati strukturlar tərəfindən davamlı qəbul olunan qətnamə və çağırışlarla müşayiət olunur. Burada xüsusilə Avropa Parlamentini qeyd etmək olar. Bu qurum ölkəmizə qarşı 2020-ci ildən indiyədək 10-dan çox qətnamə qəbul edib. Milli Məclis ötən ilin dekabrında qəbul olunan qətnaməyə münasibət bildirərək bu hücumları “səlib yürüşləri” ilə eyniləşdirmişdi. Təsadüfi deyil ki, Ermənistan Baş naziri Nikol Paşinyan bu ilin yanvarında Avropa Parlamentində çıxışından sonra onlara Mxitar Qoşun “Qanunlar toplusu”nu Ermənistana aid ilk tarixi-hüquqi sənəd kimi hədiyyə etmişdi. Halbuki bu toplu “Kilikiya krallığı” – Səlib yürüşləri dövründə türk-müsəlman torpaqlarında ermənilərin yaşadığı ərazidə yaradılan “dövlətə” aid idi. Başqa sözlə, üstündən 8–10 əsr keçsə də, Xristian Birliyi Ermənistanı hələ də Türk-İslam Dünyası önündə sonuncu qala kimi görür.

Politoloq vurğulayıb ki, Avropa Parlamentinin anti-Azərbaycan qətnamələri və çağırışları burada Xristian Birliyinin mövqeyini təcəssüm etdirir. Bu günlərdə qəbul olunan yeni qətnamə ilə daha bir oxşar yanaşma ortaya qoyulub. Bunun başqa izahı yoxdur. Ukraynada separatizmə qarşı müharibənin baş sponsoru olan Avropa dövlətləri Azərbaycanda erməni separatizmini dəstəkləyirsə, Azərbaycanın haqlı mövqeyini görməzdən gələrək sülh prosesinə zərbə vurursa, bu ikili standartların arxasında duran maraqlar ciddi şəkildə sorğulanmalıdır.

Şəhla Cəlilzadə qeyd edib ki, siyasi, dini və digər faktorlarla yanaşı, korrupsiyalaşmış Avropa parlamentarilərinin mövcudluğu faktı da diqqətdən qaçmamalıdır. Ümumilikdə isə bütün bu qətnamə və çağırışlara baxmayaraq, Avropa enerji təhlükəsizliyi, nəqliyyat-logistika və digər maraqlar çərçivəsində Azərbaycanla praqmatik əməkdaşlığı davam etdirir. Lakin Azərbaycan artıq Avropa Parlamenti kimi ədalətsiz çağırışların və yalan iddiaların hüquqiləşdirildiyi bir qurumla əməkdaşlığı davam etdirmək istəmir.

O bildirib ki, Milli Məclisin qərarına əsasən Avropa Parlamenti ilə, o cümlədən Avronest ilə əməkdaşlıq ləğv olunur. Bu addım 2023-cü ildən başlayaraq ölkəmizin AŞPA-dakı nümayəndəliyinin fəaliyyətinin dondurulması prosesinin davamı kimi qiymətləndirilə bilər. Müəyyən dövrdə siyasi dialoq azalsa da, Azərbaycan–Avropa münasibətlərinin strateji əməkdaşlıq xəttinin tamamilə dayanmayacağına şübhə yoxdur.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
icma.az

1Mənbələr