AZ

“İmtahana gülərək getdim, heç nədən imtina etmədim” - 300 bal toplayan İlknur

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 5-də keçirilən 9-cu sinif buraxılış imtahanının nəticələrini açıqlayıb. Ölkə üzrə cəmi 8 nəfər şagird maksimal 300 bal toplayaraq ən yüksək nəticəni göstərib. Bu qürurverici siyahıda Şəki şəhəri, Kimya-biologiya təmayüllü respublika liseyinin şagirdi İlknur Məmmədli də yer alıb.

Redaktor.az olaraq adını ölkə birinciləri sırasına yazdıran İlknurla uğurunun sirləri və gələcək hədəfləri barədə söhbətləşdik.

– İlknur, ilk növbədə səni təbrik edirik. Bu möhtəşəm nəticənin təməli haradan gəlir?

– Çox sağ olun. Mən ziyalı ailəsində böyümüşəm və təhsilə münasibətim hər zaman ciddi olub. İbtidai sinifdən bəri dərslərimə sistemli şəkildə yanaşmağım mənə çox möhkəm bir təməl qazandırdı. 6-cı sinifdə imtahan verərək Şəki Kimya-biologiya təmayüllü liseyə daxil olanda artıq qarşıma böyük məqsədlər qoymuşdum. Bu il isə hədəfim məhz 300 bal toplamaq idi.

– İmtahandan çıxanda bu nəticəyə əmin idinmi? İlk sevinci kiminlə paylaşdın?

– Əslində, qapalı sualları yoxlayanda artıq hər şeyin düzgün olduğunu bilirdim. Yalnız açıq suallarla bağlı kiçik müəmmalar qalmışdı, amma özümə inanırdım. Nəticəni öyrənəndə isə bu sevinci ilk olaraq anam və qardaşımla bölüşdüm. Bu uğurda ailəmin, xüsusilə hər zaman yanımda olan valideynlərimin və bütün müəllimlərimin rolu əvəzsizdir.

– Adətən şagirdlər imtahan zalına böyük streslə daxil olurlar. Sən həyəcanını necə boğdun?

– Mən imtahana gülərək gedirdim (gülür). Hesab edirəm ki, pozitiv olmaq streslə mübarizənin ən yaxşı yoludur. Zala daxil olarkən özümü yalnız doğru cavabları tapmağa köklədim. Pozitivliyimi qorumağım sualları daha rahat anlamağıma kömək etdi.

– Uğurunda müəllimlərinin payı barədə nə deyə bilərsən?

– Məktəbimizdə çox peşəkar müəllimlər heyəti var. Riyaziyyatdan Murad müəllim, ingilis dilindən Turan müəllim və Azərbaycan dilindən Bəhruz müəllim bizə fənləri elə yüksək səviyyədə mənimsədiblər ki, bu nəticə həm də onların əməyinin bəhrəsidir. Hədəfim maksimal olduğu üçün bir neçə ay əlavə dəstək də aldım.

– Bir çoxları elə düşünür ki, 300 bal toplamaq üçün sosial həyatdan tam imtina etmək lazımdır. Səndə də belə oldu?

– Xeyr, mən bu fikirlə razı deyiləm. Özüm heç bir şeydən imtina etməmişəm. Vaxtı gələndə dostlarımla əylənmişəm, sosial şəbəkələrdən də istifadə etmişəm. Əsas məsələ vaxtı necə bölməkdir. Mənim düşüncəmə görə, çox yox, sistemli oxumaq əsas uğur mənbəyidir.

Hətta dostlarımla birlikdə "KVEBEK" intellektual komandası olaraq "Nə? Harada? Nə zaman?" üzrə Respublika çempionatında finala qədər yüksəlib medal qazandıq. Yəni biz əyləncəni həm də yeni biliklər öyrənmək fürsəti kimi dəyərləndirdik.

– Gələcək planların nədir? İlknuru hansı sahədə görəcəyik?

– Kiçik yaşlarımdan bəri tək bir məqsədim var: həkim olmaq. İnsanlara kömək etmək, zəhmətimin bəhrəsini onların sağlamlığında görmək mənə ruh yüksəkliyi verir. İndi qarşımda daha böyük hədəf var – 11-ci sinifdə bu nəticəni təkrarlamaq və arzuladığım tibb təhsilinə başlamaq. Zəhmətimin qarşılığını görmək məni gələcək üçün daha da həvəsləndirir.

Aminə ŞAHSUVARQIZI

Seçilən
20
1
redaktor.az

2Mənbələr