AZ

Böyük Britaniyada süni intellektlə bağlı yeni araşdırma

İşə qəbul prosesində süni intellektdən istifadə geniş yayılsa da, namizədlərin əhəmiyyətli hissəsi bu təcrübədən narazıdır. 

“The Guardian” qəzetinin məlumatına görə, bununla bağlı Böyük Britaniyada yeni araşdırma aparılıb. 

Sorğuya əsasən, iş axtaranların təxminən 47 faizi süni intellekt vasitəsilə müsahibədən keçib, 30 faizi isə bu səbəbdən müraciət prosesini yarımçıq qoyub. Namizədlər süni intellekt müsahibələrini əsasən qeyri-təbii, yöndəmsiz və birtərəfli proses kimi qiymətləndiriblər. Onların fikrincə, bu formatda insan ünsiyyəti, qarşılıqlı əlaqə və təbii reaksiya imkanları çatışmır. Xüsusilə kamera qarşısında tək danışmaq və məhdud vaxt çərçivəsində cavab vermək bir çoxları üçün çətinlik yaradır. Eyni zamanda, bəzi iştirakçılar bu müsahibələrin çox ümumi suallardan ibarət olduğunu və fərdi bacarıqları tam əks etdirmədiyini bildirib. Digərləri isə cavablarının real insanlar tərəfindən qiymətləndirilib-qiymətləndirilmədiyinə dair şübhələrini dilə gətiriblər.

Buna baxmayaraq, bəzi namizədlər şirkətlərin böyük müraciət axınını idarə etmək üçün süni intellektdən istifadə etməsini başa düşür. Lakin ümumi rəy ondan ibarətdir ki, texnologiya hələ tam yetkin deyil və işə qəbul prosesində insan amilinin qorunması vacib hesab olunur.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
17
azerbaijan-news.az

1Mənbələr