Bakı, 1 may, AZƏRTAC
“Bakı Marafonu 2026” tədbiri ilə əlaqədar paytaxt yollarında tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq, mayın 3-də bir sıra müntəzəm marşrut xətlərinin hərəkət sxemində müvəqqəti dəyişikliklər ediləcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, dəyişikliyə əsasən, 1, 2, 4, 7A, 7B, 10, 11, 13, 20, 21, 24, 30, 32, 36, 38, 46, 49, 71, 72, 88A, 93, 120, 120E, 125, 145, 177, 184, E1, H1 və M8 nömrəli marşrutların fəaliyyəti alternativ istiqamətlər üzrə təşkil olunacaq.
Belə ki, 1 nömrəli marşrut (“Neftçilər” metro stansiyası istiqaməti) və H1 nömrəli marşrut (Heydər Əliyev Beynəlxalq Aeroportu istiqaməti) Azadlıq prospekti — Füzuli küçəsi — Rəşid Behbudov küçəsi — Süleyman Rəhimov küçəsi — Xətai prospekti — Heydər Əliyev prospektinin əsas hərəkət hissəsi ilə fəaliyyət göstərəcək.
2 nömrəli marşrut Rəşid Behbudov küçəsi — Süleyman Rəhimov küçəsi — Xətai prospekti — Əhməd bəy Ağaoğlu küçəsi — Təbriz küçəsi — Əhməd Rəcəbli küçəsi istiqamətində hərəkət edəcək.
4, 10 və 88A nömrəli marşrutların son dayanacaqları Dilarə Əliyeva və 28 May küçələrində (Səməd Vurğun bağı) təşkil ediləcək. Bu marşrutlar Bakı Ağ Şəhər ərazisinə daxil olmayacaq və qismən fəaliyyət göstərəcək.
7A, 7B, 11, 24, 71 və 93 nömrəli marşrutların hərəkəti Ziya Bünyadov prospektinin əsas hissəsi (yolötürücü) ilə təşkil olunacaq.
13 və M8 nömrəli marşrutlar Heydər Əliyev prospektinin əsas hərəkət hissəsi ilə fəaliyyət göstərəcək.
20, 21, 30, 32, 46, 49, 72, 120 və 120E nömrəli marşrutların son dayanacağı Xocalı prospektində (“Şah İsmayıl Xətai” metro stansiyası yaxınlığı) müəyyən ediləcək. Bu marşrutlar “28 May” nəqliyyat mübadilə mərkəzi və “Sədərək” ticarət mərkəzinə daxil olmayacaq. 20, 21 və 32 nömrəli marşrutlar Bakı Ağ Şəhər ərazisini əhatə etməklə həmin istiqamətdə fəaliyyət göstərəcək.
36, 145 və 184 nömrəli marşrutların son dayanacaq məntəqəsi “Koroğlu” metro stansiyası yaxınlığında, Heydər Əliyev prospektinin kənar hərəkət hissəsində yerləşəcək.
38 nömrəli marşrutun başlanğıc dayanacağı Səməd Vurğun küçəsi, son dayanacağı isə Ağa Nemətulla küçəsi olacaq. Marşrut Keşlə qəsəbəsinə daxil olmayacaq və qismən fəaliyyət göstərəcək.
125 nömrəli marşrutun (“28 May” istiqaməti) hərəkəti Rəşid Behbudov küçəsi — Şəmsi Bədəlbəyli küçəsi — Azadlıq prospekti ilə təşkil ediləcək.
177 nömrəli marşrutun son dayanacağı Bilgəh–Pirşağı yolu (“Ləhiş bağları” ərazisi) olacaq.
E1 nömrəli marşrut isə Rəşid Behbudov küçəsi — Süleyman Rəhimov küçəsi — Xətai prospekti — Heydər Əliyev prospektinin əsas hərəkət hissəsi ilə fəaliyyət göstərəcək.
Qeyd edək ki, tətbiq edilən dəyişikliklər marafon müddətində nəqliyyatın hərəkətinin təhlükəsiz və fasiləsiz təşkili məqsədi daşıyır.