AZ

Ayətullahlara yaxın klan İranda böyük kriptobirja yaradıb

Birja sanksiyalardan yayınma və milyonlarla dolların köçürülməsi üçün istifadə olunub...

Poliqon xəbər verir ki, Reuters Agentliyinin araşdırmasına əsasən, İranda ali dini rəhbərliyə yaxınlığı ilə tanınan Xərrəzi ailəsi ölkədə fəaliyyət göstərən iri kriptovalyuta birjasının yaradılmasında əsas rol oynayıb. Bildirilir ki, bu platforma ABŞ-nin sanksiyalarını aşmaq və milyonlarla dollar həcmində vəsaitlərin köçürülməsi üçün istifadə olunub.

Məlumata görə, Xərrəzi ailəsindən olan iki qardaş 2018-ci ildə fərqli soyad, Ağamir adı altında Nobitex adlı kriptobirjanı təsis edib. Qısa müddətdə bu platforma İranda paralel maliyyə sisteminin əsas mərkəzlərindən birinə çevrilib və hətta mövcud müharibə şəraitində belə beynəlxalq sanksiyalara baxmayaraq pul köçürmələrini mümkün edib.

Qeyd olunur ki, Xərrəzi klanı İranın hakim elitasında mühüm mövqelərə malikdir. Ailə üzvləri uzun illərdir ölkənin ali rəhbərlərinə məsləhətçi kimi fəaliyyət göstərib, müxtəlif yüksək vəzifələr tutublar və İslam Respublikasının bütün ali rəhbərləri ilə qohumluq əlaqələrinə sahibdirlər.

Araşdırmada bildirilir ki, Nobitex yüz milyonlarla dollar həcmində sanksiya altındakı qurumlarla əlaqəli əməliyyatları emal edib. Bu qurumlar sırasında İran Mərkəzi Bankı və İslam İnqilabı Keşikçiləri Korpusu da yer alır. Şirkətin məlumatına görə, platformanın 11 milyondan çox istifadəçisi var ki, bu da ölkə əhalisinin 10 faizindən artıq hissəsini təşkil edir.

Sanksiyaların sərtləşdirilməsindən sonra bir çox iranlı vətəndaş kriptovalyutanı almaq və saxlamaq üçün məhz bu birjadan istifadə etməyə başlayıb. Reuters qeyd edir ki, hazırda İranda kriptovalyuta əməliyyatlarının təxminən 70 faizi məhz Nobitex üzərindən həyata keçirilir.

Sanksiyalardan yayınma sxemi ilə bağlı əsas sübutlar isə dələduzluğa görə məhkum edilmiş iranlı milyarder tərəfindən təqdim olunub. O, sosial şəbəkələrdə paylaşdığı kriptocüzdan ünvanları vasitəsilə analitiklərin bu sistemin məhz Nobitex üzərindən qurulduğunu üzə çıxarmasına şərait yaradıb.

Araşdırmaya əsasən, Nobitex İran üçün qlobal maliyyə bazarlarına çıxışda “körpü” rolunu oynayır. Crestal Intelligence şirkətinin blokçeyn analizləri və maliyyə sahəsində çalışan müstəqil müstəntiqlərlə müsahibələr göstərir ki, İran bu platforma vasitəsilə bank sisteminə çıxışı olmayan müttəfiqlərinə vəsait yönləndirir. Keçmiş əməkdaşların sözlərinə görə, birja üzərindən sanksiyaya məruz qalan dövlət vəsaitləri də dövriyyəyə buraxılıb.

Şirkət isə hökumətlə birbaşa əlaqələrinin olmadığını və dövlətə hər hansı yardım göstərmədiyini iddia edir. Nobitex rəhbərliyi bildirir ki, əgər qanunsuz əməliyyatlar həyata keçirilibsə belə, bu, rəhbərliyin xəbəri və razılığı olmadan baş verib.

Reuters həmçinin qeyd edir ki, Nobitex qlobal kriptovalyuta bazarının iri oyunçuları ilə də əməkdaşlıq edib. Belə ki, 2022-ci ildə Binance platformasının Nobitex-ə 7,8 milyard dollar vəsait köçürdüyü və bunun ABŞ-nin İrana qarşı tətbiq etdiyi sanksiyaların dolanılması kimi qiymətləndirildiyi iddia olunur.

Eyni zamanda, The Telegraph nəşri ABŞ Maliyyə Nazirliyinə təqdim edilmiş sənədlərə istinadən xəbər verib ki, HSBC, Standard Chartered, JPMorgan Chase, Citibank və Bank of New York Mellon kimi iri banklar İran vəsaitlərinin yuyulmasında mümkün iştiraklarına görə araşdırıla bilər.

Poliqon.info

Seçilən
80
poliqon.info

1Mənbələr