AZ

Azərbaycanda ölüm yarışı Görək, kim tez “öldürdürəcək”?

ain.az bildirir, Bakupost portalına istinadən.

Ötən gün Milli Onkologiya Mərkəzində baş verən partlayış nəticəsində yaralanan həkimin vəziyyəti ilə bağlı gün ərzində ziddiyyətli məlumatlar yayılıb.

Bakupost.az xəbər verir ki, bəzi mənbələr onun öldüyünü iddia etsə də, qısa müddət sonra bu xəbərlər təkzib olunub. Gün ərzində isə eyni ssenari bir neçə dəfə təkrarlanıb – “öldü”, “yaşayır”, “vəziyyəti ağırdır” kimi bir-birini təkzib edən informasiyalar çaşqınlıq yaradıb.

Və təbii ki, bu, ilk belə hal deyil.

Ölmədən “öldürülənlər”

Bu tip hallar Azərbaycan ictimaiyyətinə də yaxşı tanışdır.

Məsələn, millət vəkili Qənirə Paşayeva ilə bağlı hadisə hələ də hamının yadındadır.

Onun vəziyyəti ağırlaşdığı günlərdə sosial mediada və bəzi saytlarda dəfələrlə “vəfat edib” xəbərləri yayıldı.

Ailə üzvləri və yaxınları bu məlumatları təkzib edərək bildirmişdilər ki, yayılan xəbərlər həqiqəti əks etdirmir və deputatın vəziyyəti ağır olsa da, yaşayır. O, reanimasiyada, süni tənəffüs aparatına qoşulmuş vəziyyətdə idi.

Lakin cəmi bir neçə gün sonra artıq onun vəfat etdiyi rəsmi şəkildə açıqlanmışdı.

Oxşar vəziyyət Xalq artisti Arif Babayev ilə bağlı da yaşanmışdı.

Onun ölüm xəbəri əvvəlcədən yayılmış, daha sonra təkzib olunmuş, bir müddət sonra isə bu xəbər təsdiqini tapmışdı.

Meyxanaçı Ağa Kərim barədə də sosial mediada dəfələrlə oxşar xəbərlər dövriyyəyə buraxılıb.

Belə misalların sayını istənilən qədər çoxaltmaq olar.

Əslində, nə baş verir, tibbi reallıq nədir?

Həkimlərin sözlərinə görə, belə ziddiyyətli məlumatların əsas səbəbi xəstənin kritik və “ölümlə sərhəd” vəziyyətdə olmasıdır.

Bu hallarda ən çox rast gəlinən mənzərə belədir: beyin funksiyaları faktiki dayanır (beyin ölümü), ürək və digər orqanlar aparat vasitəsilə fəaliyyətini davam etdirir, xəstə geri dönüşü olmayan mərhələyə daxil olur…

Belə xəstə haqqında “ölüb” demək hüquqi baxımdan tez ola bilər, “yaşayır” demək isə reallığı tam əks etdirmir.

Yəni paradoks yaranır: hər iki tərəf müəyyən mənada haqlıdır.

“Geri dönüş yoxdur” mərhələsi

Mütəxəssislər bildirir ki, bu vəziyyətə düşən xəstələr artıq əvvəlki həyata qayıtmır.

Bu, bir neçə saat, gün, bəzən isə daha uzun müddət çəkən prosesdir. Yəni faktiki olaraq ölüm baş verir, sadəcə rəsmi təsdiq müəyyən gecikmə ilə verilir.

Nəticədə isə cəmiyyətdə qəribə, amma təkrarlanan bir mənzərə yaranır:

bir insan informasiya məkanında bir gün ərzində bir neçə dəfə “ölür”.

Qisası belə faciəli durumlarda insan əvvəl xəbərlərdə “ölür”, sonra isə həyatda…

Azər Məlikli

BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
www.bakupost.az

1Mənbələr