AZ

"Sürətli mükafat" tələsi — "Reels"lər uşaqların beynini necə korlayır?

Son illərdə şagirdlərin riyaziyyat fənni üzrə imtahan nəticələrində zəif göstəricilər müşahidə olunur. Bu tendensiya təhsil prosesində həm öyrənmə metodlarının effektivliyi, həm də şagirdlərin mövzunu mənimsəmə səviyyəsi ilə bağlı suallar doğurur. Problem yalnız çətinlik dərəcəsi ilə deyil, həm də dərsə yanaşma, hazırlıq vərdişləri və praktik tətbiq bacarıqları ilə sıx bağlıdır.

Məsələ ilə bağlı təhsil eksperti Şəmsi Qoca Demokrat.az-a bildirib ki, riyaziyyat göstəricilərinin ildən-ilə aşağı düşməsi, əslində, müasir dünyanın qarşı-qarşıya qaldığı dərin sosiokültürel problemin təzahürüdür:

"Bu enişin kökündə dayanan ən mühüm amillərdən biri, texnoloji tərəqqinin yaratdığı "sürətli mükafat" psixologiyası və rəqəmsal asılılıqdır. Müasir şagird qısa videoların və anlıq informasiya axınının hökm sürdüyü mühitdə yetişir, halbuki riyaziyyat öz mahiyyəti etibarilə sonsuz səbir, uzunmüddətli diqqət və dərin intellektual zəhmət tələb edən elmdir. Gənclər çətin məsələnin həlli üzərində dəqiqələrlə baş sındırmaqdansa, diqqətlərini daha əyləncəli və yüngül məşğuliyyətlərə yönəltməyə üstünlük verirlər ki, bu da təfəkkürün dərinliyini azaldır".

Ekspert deyib ki, təhsil sistemində müşahidə olunan təfəkkürün "mexanikləşməsi" də faciəvi rol oynayır:

"Çox vaxt düsturların məntiqi əsası və fəlsəfəsi deyil, onların kor-koranə əzbərlənməsi və test tapşırıqlarında tətbiqi ön plana çəkilir. Şagird formulu bilsə də, onun kainatın nizamındakı və ya gündəlik həyatdakı yerini dərk etmir, bu da material mürəkkəbləşən kimi onun tamamilə aciz qalmasına gətirib çıxarır. Riyaziyyat zəncirvari struktur olduğu üçün, təməl biliklərdə, məsələn, aşağı siniflərdəki kəsrlər mövzusunda yaranan kiçik boşluq, illər keçdikcə "boşluq qar topası" kimi böyüyür və yuxarı siniflərdə şagirdin fənnə qarşı olan marağını büsbütün məhv edir.

Müəllim faktoru və köhnəlmiş tədris metodikası da bu tənəzzülün əsas səbəblərindən biridir. Müasir şagirdə fənni yalnız proqram tələbi kimi təqdim etmək artıq kifayət etmir. Riyaziyyatı vizuallaşdırmaq, onu memarlıqdan iqtisadiyyata, texnologiyadan sənətə qədər həyatın hər sahəsi ilə əlaqələndirmək zəruridir ki, gənc beyinlərdə öyrənmə ehtirası oyansın. Nəhayət, cəmiyyətdə kök salmış "riyaziyyat çətindir" stereotipi və bunun yaratdığı psixoloji baryerlər şagirdlərin öz potensiallarına inamını sarsıdır, onlar hələ yolun başında ikən məğlubiyyəti qəbul edirlər. Bütün bu amillər birləşərək riyaziyyat təhsilindəki göstəricilərin aşağı düşməsinə zəmin yaradır ki, bu da təkcə tədris deyil, həm də gələcək məntiqi təfəkkürün inkişafı məsələsidir",- deyə o bildirib.

Seçilən
26
1
musavat.com

2Mənbələr