Almaniya hökuməti ABŞ prezidenti Donald Trampın açıqlamalarına kəskin reaksiya verib.
Musavat.com xəbər verir ki, Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl Vaşinqtona ünvanlanan bəyanatında Trampa “tövsiyələrinə ehtiyacımız yoxdur, o, əvvəlcə yaratdığı dağıntıya baxsın” mesajını verib.
Klinqbeyl əlavə edib ki, Tramp İranla bağlı vəziyyəti düzgün qiymətləndirməyib: “Görünür, o düşünürdü ki, bu məsələ 2-3 günə həll olunacaq və hər şey qaydasına düşəcək”.
Mübahisə Almaniya kansleri Fridrix Merzin çıxışından sonra başlayıb. Merz ABŞ-ın İranla müharibəni sürətlə bitirə biləcəyinə inanmadığını bildirib. Onun sözlərinə görə, İran əvvəl düşünüləndən daha güclüdür və amerikalıların danışıqlarda inandırıcı strategiyası yoxdur. Merz həmçinin qeyd edib ki, ABŞ İran rəhbərliyi qarşısında zəif vəziyyətə düşür.
Bu açıqlamalara cavab olaraq Donald Tramp sosial şəbəkədə paylaşım edərək Fridrix Merzi tənqid edib və onun “İranın nüvə silahına sahib olmasının problem olmadığını düşündüyünü” iddia edib. Tramp Merzin “nədən danışdığını bilmədiyini” yazıb.
Musavat.com