AZ

Türkiyədə məktəblərlə bağlı ilginc QƏRAR – Azərbaycanda isə...

Türkiyədə məktəblər məlum atışma hadisələrindən sonra risk səviyyələrinə görə təsnif ediləcək və ən təhlükəli məktəblərdə ən sərt təhlükəsizlik tədbirləri görüləcək. Bu barədə Daxili İşlər Nazirliyinin yaydığı sirkulyarda bildirilir. Sirkulyarda deyilir: “Hər tədris ilinin əvvəlində və məktəb koordinatorunun və ya təhlükəsizlik işçisinin tələbi ilə risk və təhdid qiymətləndirilməsi aparılacaq. Dövlət qurumları tərəfindən yüksək risk səviyyəsinə malik kimi qiymətləndirilən məktəblərə prioritet veriləcək və əlavə təhlükəsizlik tədbirləri görüləcək. Məktəb administrasiyaları, hüquq-mühafizə orqanları, yerli hakimiyyət orqanları və sosial xidmətlər arasında davamlı, operativ məlumat mübadiləsinin qurulması gözlənilir. Təhsil müəssisələrinin qiymətləndirilməsi meyarlarına şagird davranışı, müəllimlərin ünsiyyəti və sosial media paylaşımları daxildir”.

Türkiyədə

Azərbaycanın orta məktəblərində də belə təsnifatın aparılmasına ehtiyac varmı? Nəzərə alsaq ki, bənzər olaylar bizim təhsil ocaqlarında qeydə alınır...

Yada salaq ki, son bir ayda dünyanın müxtəlif ölkələrində məktəblərdə baş verən silahlı insidentlər yenidən təhsil müəssisələrində təhlükəsizlik məsələsini gündəmə gətirib. Xüsusilə, Türkiyədə ard-arda yaşanan qanlı hadisələr beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurub. Məktəblərdə baş verən silahlı hücumlar bir daha göstərir ki, bu problem artıq təkcə müəyyən regionların deyil, qlobal təhlükəsizlik məsələsidir.

Aprel ayında ən səs-küylü hadisələrdən biri Türkiyənin Kahramanmaraş vilayətinin Onikişubat rayonunda qeydə alınıb. 15 aprel tarixində orta məktəbdə baş verən silahlı hücum zamanı 10 nəfər həlak olub, 12-dən çox insan yaralanıb. Hücumun 14 yaşlı şagird tərəfindən törədildiyi bildirilir. Bu hadisə Türkiyə tarixinin ən qanlı məktəb hücumlarından biri kimi yadda qalıb.
Bundan cəmi bir gün əvvəl, 14 aprel tarixində Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonundakı liseydə keçmiş şagird məktəbə silahlı basqın edib. Hücum nəticəsində 16 nəfər yaralanıb. Hadisəni törədən şəxs daha sonra intihar edib.

Bakıda

Bu insident Türkiyədə məktəb təhlükəsizliyi ilə bağlı ciddi müzakirələrə səbəb olub. ABŞ-də də məktəblərdə zorakılıq halları gündəmdən düşmür. Vaşinqton ştatının Takoma şəhərində yerləşən Henry Foss Liseyində baş verən bıçaqlı hücum nəticəsində altı nəfər yaralanıb. Hadisə silahlı atışma olmasa da, məktəblərdə təhlükəsizlik risklərinin nə qədər yüksək olduğunu bir daha nümayiş etdirib. Mütəxəssislər hesab edirlər ki, məktəblərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, psixoloji nəzarətin artırılması və risk qrupuna daxil olan şəxslərin vaxtında müəyyənləşdirilməsi bu cür faciələrin qarşısını almaq üçün əsas şərtlərdən biridir. Son hadisələr bir daha göstərir ki, təhsil müəssisələri yalnız bilik məkanı deyil, həm də ciddi təhlükəsizlik strategiyalarının tətbiq olunduğu məkanlar olmalıdır.

Vəkil Ramil Süleymanov Musavat.com-a deyib ki, Azərbaycanda belə bir təsnifatlandırmanı uyğun və məqbul hesab etmir: “Azərbaycanda şükür, hələ ki, bu sahədə ciddi problem yaşanmayıb. Belə hallar çox nadir hallarda müşahidə olunur. Sadəcə, belə bir təsnifatlandırma cəmiyyətdə daha çox ajiotaja səbəb ola, əlavə problemlər yarada bilər. Nəticə etibarilə, ortada real təhlükə olmadığı halda, insanların lazımsız narahatlığına yol aça bilər”.

Kadirovun

Vəkil hesab edir ki, bu məsələdə hüquq mühafizə orqanları ayıq-sayıq davranmalıdır: “Məktəblərdə müəllimlər də vəziyyəti düzgün və diqqətlə qiymətləndirməlidirlər. Əgər hər hansı problematik məqam ortaya çıxarsa, bununla bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilməlidir”.

Vəkil əlavə edib ki, bu məsələdə dövlət qurumları daha həssas olmalıdırlar: “Hər hansı əlavə təsnifatlandırmaya zərurət görmürəm. Çünki bu, gələcəkdə ciddi sıxıntılara səbəb ola bilər. Hüquqi baxımdan bu cür təsnifatlandırma dövlət tərəfindən aparılsa belə, onun ictimaiyyətə açıqlanmasının tərəfdarı deyiləm. Bu məlumatların məxfi saxlanılması daha məqsədəuyğundur. Hüquq-mühafizə orqanları bu məsələdə necə davranmalı olduqlarını yaxşı bilirlər”.

Afaq Mirayiq,
Musavat.com

 

Seçilən
27
musavat.com

1Mənbələr