AZ

Putin–Tramp danışığı fonunda 400 milyonluq MESAJ – Ukrayna üçün nə VƏD EDİR?

ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığı fonunda Vaşinqton aylar sonra Ukraynaya hərbi yardımı bərpa etdiyini bildirib. Bu barədə ABŞ müharibə naziri Pit Heqset Konqresdə çıxışı zamanı deyib.
 

Qeyd edək ki, 400 milyonluq sözügedən yardımın verilməsi ilə bağlı qərar aylar öncə verilmişdi. Lakin bir müddət öncə respublikaçı senator Miç Makkonnell əvvəllər təsdiqlənmiş 400 milyon dollarlıq hərbi yardım paketinin Ukraynaya çatdırılmadığını açıqlamışdı.


Sözügedən proseslər fonunda yardımın bərpa edilməsinin məhz Putin-Tramp danışığı ərəfəsində elan olunması müəyyən suallar doğurub.

Bu addım hansı siyasi mesaj xarakteri daşıyır? Ukraynada savaş daha da alovlanacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib ki, 400 milyonun ayrılması belə müharibənin gedişində ciddi dəyişiklik yaratmayacaq:

“ABŞ-ın Ukraynaya ayırdığı 400 milyon dollar Avropanın ayırdığı 90 milyard dollarla müqayisədə qəpik-quruşdur. Amma ABŞ-ın bu yardımı konkret olaraq Ukraynaya silah alınmasına yönələcək. Hazırda ABŞ özü silah baxımından çətinlik çəkir. Ukraynaya əvvəlki yardımlar və İranla müharibə bu vəziyyətin yaranmasına gətirib çıxarıb.

Trampla Putin arasında telefon danışığında Rusiya lideri İran məsələsində kömək edə biləcəyini deyib. Tramp da öz növbəsində Putini ondansa gedib Ukrayna məsələsinin həlli ilə məşğul olmağa çağırıb.

Belədə telefon danışığından dərhal sonra Pentaqon Ukraynaya ayrılan 400 milyon dolları bərpa etdiyini açıqlayıb. Ona cavab olaraq Rusiya da İrana göstərdiyi hərbi yardımları gücləndirəcək.

Ukrayna savaşı isə 400 milyonun ayrılması fonunda belə əvvəlki tempdə davam edəcək. Hər halda Ukrayna həmin vəsait hesabına özünün hərbi potensialını bir qədər də gücləndirəcək. Amma indiki halda tərəflərdən heç biri real üstünlük əldə edə bilmir. 400 milyon dolların ayrılması da bu tendensiyanı dəyişməyəcək”.

Rüfət Sultan, Bizim.Media

Seçilən
1
1
bizim.media

10Mənbələr