İrana qarşı hərbi əməliyyat bitib.
ABŞ Prezidenti Donald Trampın Nümayəndələr Palatasının spikeri Mayk Consona göndərdiyi məktubda belə deyilir.
"28 fevral 2026-cı ildə başlayan hərbi əməliyyatlar başa çatdı", - deyə məktubda qeyd olunub.
Amerika lideri vitse-prezident Cey Di Vensin olmadığı müddətdə Senata sədrlik edən Çak Qrasliyə də analoji məktub göndərib. ABŞ Konstitusiyasına görə, vitse-prezident Konqresin yuxarı palatasının rəhbəridir.
Tramp Senat və Nümayəndələr Palatasının rəhbərliyinə 7 apreldə İranla iki həftəlik atəşkəs elan etdiyini xatırladıb: "Atəşkəs daha sonra uzadılıb. ABŞ və İran qüvvələri 7 aprel 2026-cı ildən bəri bir-birinə atəş açmayıblar".
Qeyd edək ki, 28 fevralda ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibə 7 apreldə iki həftə davam edən atəşkəslə bitib.
11 apreldə Tehran və Vaşinqton İslamabadda danışıqlar aparıblar, lakin bir sıra fikir ayrılıqlarına görə tərəflər münaqişənin uzunmüddətli həlli barədə razılığa gələ bilməyiblər.
21 apreldə ABŞ lideri İranla atəşkəsin uzadılması niyyətində olduğunu açıqlayıb. İran dövlət televiziyasının məlumatına görə, Tehran Vaşinqtonun birtərəfli atəşkəs uzadılmasını tanımaq niyyətində deyil və öz maraqlarına uyğun hərəkət edəcək.