AZ

Cənubi Qafqaza beynəlxalq ögey-doğmalıq

Beynəlxalq siyasətdə bəzən ən təhlükəli boşluq hüququn seçmə yaddaşla tətbiq edilməsidir. Müasir beynəlxalq sistemin əsasını təşkil edən BMT Nizamnaməsi dövlətlərin suveren bərabərliyini və ərazi bütövlüyünü fundamental prinsip kimi təsbit edir. Lakin praktikada bu prinsiplərin tətbiqi eyni deyil. Vahid hüquqi norma müxtəlif coğrafiyalarda fərqli siyasi şərhlərlə işlədilir və nəticədə hüquq universal mexanizm olmaqdan çıxaraq selektiv alətə çevrilir.

Kağız üzərində hamı eyni qaydalara tabedir, amma praktikada həmin qaydalar kimin üçün işləyirsə, sistem də ona xidmət edir. Məsələn, BMT Təhlükəsizlik Şurası beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün ən yüksək legitim qurum hesab olunur. Onun qəbul etdiyi qətnamələr hüquqi baxımdan məcburi xarakter daşıyır. Lakin bu qətnamələrin icrası siyasi iradədən asılıdır. 1993-cü ildə Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qəbul edilən 822, 853, 874 və 884 saylı qətnamələr açıq şəkildə erməni silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, bu sənədlər uzun illər kağız üzərində qaldı. Eyni dövrdə dünyanın digər regionlarında qəbul edilən bəzi qətnamələrin isə daha sürətli və sərt mexanizmlərlə icra olunması beynəlxalq hüququn tətbiqində balanssızlığı göstərirdi. Azərbaycan uzun illər ərzində öz mövqeyini məhz hüquqi arqumentlər üzərində quraraq beynəlxalq müstəvidə tanınma və dəstək qazanmağa çalışıb. Qoşulmama Hərəkatına sədrliyi dövründə (2019–2023) irəli sürdüyü təşəbbüslər, BMT platformasında ardıcıl çıxışları və regional layihələrdə hüquqi əsaslandırmaya verdiyi önəm bunu açıq şəkildə göstərir.

Bakı daha mürəkkəb model qurub: hüquqa söykənir, amma hüququn işləmədiyi anda boşluğu özü doldurur. 1990-cı illərdən etibarən beynəlxalq hüquqi mexanizmlərin effektiv işləməməsi – xüsusilə BMT qətnamələrinin icrasız qalması – Azərbaycanı alternativ alətlər üzərində düşünməyə məcbur etdi. Nəticədə ölkə paralel strategiya qurdu: bir tərəfdən diplomatik və hüquqi mübarizə davam etdirildi, digər tərəfdən isə hərbi potensial, iqtisadi dayanıqlılıq və enerji diplomatiyası gücləndirildi. Məsələn, Bakı–Tbilisi–Ceyhan və Cənub Qaz Dəhlizi kimi layihələr Azərbaycanın geosiyasi çəkisini artıraraq onun mövqelərini danışıqlarda daha təsirli etdi.

Məhz bu nöqtədə sistemin əsas zəifliyi üzə çıxır: beynəlxalq hüquq siyasi iradə ilə işləyir. Hüquqi normanı hərəkətə gətirən amil isə böyük güclərin maraqları, institusional konsensus və tətbiq mexanizmləridir. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququ, sanksiya rejimlərinin seçici tətbiqi və beynəlxalq missiyaların fərqli regionlarda fərqli intensivliklə işləməsi bunu açıq göstərir. Eyni hüquqi çərçivə bəzən sürətlə icra olunur, bəzən isə illərlə “dondurulur”. Nəticədə norma dəyişkən siyasi alət kimi qəbul edilməyə başlayır.

İradə olmadıqda isə norma sadəcə arxiv materialına çevrilir. ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar isə illərlə nəticəsiz qalaraq status-kvonu faktiki olaraq sabitləşdirdi. Həmsədrlərin mövqeləri formal olaraq eyni məqsədə – sülh danışıqlarının davam etdirilməsinə yönəlsə də, praktikada yanaşmalar arasında ciddi fərqlər mövcud idi. 1994-cü ildə atəşkəs razılaşmasından sonra Rusiyanın bölgədə hərbi mövcudluğu və sonrakı illərdə Ermənistanla hərbi ittifaqları onun neytral vasitəçi obrazını zəiflədirirdi.

ABŞ isə Minsk qrupunda əsasən diplomatik və siyasi təşəbbüslərlə çıxış edirdi. Vaşinqtonun yanaşması daha çox danışıqlar prosesinin saxlanılmasına və eskalasiyanın qarşısının alınmasına yönəlmişdi. 2000-ci illərin ortalarından etibarən ABŞ rəsmiləri “Madrid prinsipləri” çərçivəsində mərhələli həll modelini irəli sürsələr də, bu təşəbbüslər tərəflər arasında razılaşdırılmış icra mexanizminə çevrilmədi. Fransa isə Minsk qrupunda ən çox siyasi diskurs səviyyəsində aktiv görünən həmsədr idi. Parisin mövqeyi xüsusilə Avropa Parlamentində və Fransa parlamentində qəbul edilən bəyanatlarla paralel gedirdi. Bunlar isə Azərbaycanın baxışında Fransanın vasitəçi neytrallığını sual altına alırdı. Fransa rəsmilərinin Ermənistana daha yaxın siyasi ritorikası, xüsusilə 2020-ci ildən sonra daha açıq şəkildə müşahidə olundu və bu, vasitəçilik balansına təsir edən amil kimi qiymətləndirildi. Üç gücün yanaşmasında ortaq məxrəc olsa da, fərqli geosiyasi maraqlar səbəbindən vahid həll mexanizmi formalaşmadı. Uzun illər davam edən görüşlər, bəyanatlar və təklif paketləri status-kvonu dəyişmək əvəzinə onu daha da sabitləşdirdi.

Həmin müddətdə Azərbaycan paralel olaraq hərbi modernləşmə, iqtisadi dayanıqlılıq və diplomatik aktivlik xəttini gücləndirdi. 2020-ci ildən sonra yaranan yeni vəziyyət isə uzunmüddətli ziddiyyətin nəticəsi kimi oxunmalıdır. Bakı baş verənləri beynəlxalq hüququn gecikmiş icrası kimi təqdim edir və bunu iki əsas hüquqi dayağa bağlayır: dövlətlərin ərazi bütövlüyü prinsipi və BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququ. 44 günlük müharibədən sonra imzalanmış 10 noyabr 2020-ci il üçtərəfli Bəyanat regionda yeni təhlükəsizlik arxitekturasının konturlarını müəyyənləşdirdi, 2023-cü ilin sentyabrında həyata keçirilən əməliyyatlar isə Bakının suverenlik üzərində tam nəzarət iddiasını reallığa çevirdi. Rəsmi diskursda bu addımlar “status-kvonun hüquqa uyğunlaşdırılması” kimi çərçivələnir. Həmin bu narrativin arxasında sadə, amma sərt məntiq dayanır: əgər beynəlxalq sistem qəbul etdiyi qərarları yerinə yetirmirsə, dövlət öz hüququnu özü təmin edir. Lakin bu modelin riskləri də var: hər bir dövlət öz interpretasiyasını tətbiq etməyə çalışdıqda sistemdə parçalanma dərinləşə bilər. Azərbaycan bu riski legitimliklə balanslamağa çalışır — yəni atılan addımların hüquqi əsaslandırılması və diplomatik izahı paralel aparılır.

Burada diqqətçəkən məqam Avropa institutlarının reaksiyasıdır. Xüsusilə Avropa Parlamenti (AP) regionla bağlı sənədlərində ardıcıl tənqidi xətt götürür. Məsələ tənqidin mövcudluğu deyil — bu, normal siyasi praktikadır. Məsələ onun necə qurulmasıdır. Brüsselin yanaşmasında tez-tez belə bir ziddiyyət hiss olunur: bir tərəfdən suverenlik prinsipi müdafiə olunur, digər tərəfdən həmin prinsipin konkret tətbiqinə şübhə ilə yanaşılır. Avropa İttifaqının rəsmi sənədlərində və Şərq tərəfdaşlığı çərçivəsində dövlətlərin suverenliyi və sərhədlərin toxunulmazlığı dəfələrlə vurğulanır. Eyni zamanda, Avropa Parlamenti və bəzi digər strukturlar konkret hadisələrdə bu prinsiplərin tətbiqinə ehtiyatlı və ya tənqidi yanaşır, əlavə “beynəlxalq nəzarət”, “xüsusi status” və ya “xüsusi təminatlar” kimi formulalar irəli sürür. Nəticədə ortaya maraqlı mənzərə çıxır: bir tərəfdə beynəlxalq hüquqa istinad edən, amma onun boşluqlarını real güclə tamamlayan Azərbaycan; digər tərəfdə isə hüququ müdafiə etdiyini bildirən, lakin onu seçmə şəkildə tətbiq edən Avropa institutları.

Son olaraq qeyd edək ki, əgər beynəlxalq hüquq hamı üçün eyni qaydada işləmirsə, onda o, norma yox, alətə çevrilir. Və alətə çevrilən hüquq gec-tez ondan istifadə edənləri gücləndirir. Cənubi Qafqazda baş verənlər isə göstərir ki, bu proses artıq reallıqdır.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Seçilən
36
1
xalqqazeti.az

2Mənbələr