AZ

Əhaliyə XƏBƏRDARLIQ - Yeni dələduzluq üsulu yayılıb - DİQQƏTLİ OLUN!

Son günlər ictimai yerlərdə yeni dələduzluq üsulu ilə bağlı xəbərdarlıqlar yayılır.

Bizim.Media Crossmedia.az-a istinadən xəbər verir ki, ticarət mərkəzləri, metro stansiyaları, bazarlar və digər sıxlıq olan ərazilərdə vətəndaşların xeyirxahlığından sui-istifadə etməyə yönəlmiş “yardım istəmə fırıldağı” halları qeydə alına bilər.
 

İddialara əsasən, dələduzlar özlərini telefondan istifadə etməkdə çətinlik çəkən, pensiya və ya sosial ödənişlərini yoxlamaq istəyən, yaxud texniki problem yaşayan insanlar kimi təqdim edirlər və vətəndaşlardan kömək istəyirlər.


Bəzi xəbərdarlıqlarda qeyd olunur ki, belə hallarda telefon artıq videozəng rejimində ola, ekran yazılması (recording) funksiyası aktivləşdirilə və ya digər texniki vasitələrlə istifadəçi məlumatlarının qeydə alınmasına cəhd edilə bilər. Bu səbəbdən, iddialara görə, qarşı tərəfin məqsədi yalnız maliyyə məlumatları deyil, həm də biometrik və şəxsi identifikasiya məlumatları ola bilər.

Mütəxəssis kimi təqdim olunan bəzi fikirlərdə bildirilir ki, barmaq izi, səs və üz tanıma kimi məlumatların ələ keçirilməsi halları ciddi risk yarada bilər və bu məlumatlardan rəqəmsal saxtakarlıq məqsədilə istifadə oluna bilər.
 

Qeyd olunur ki, bu cür hallarda vətəndaşlara tanımadıqları şəxslərin telefonuna müdaxilə etməmək, heç bir linkə və ya funksiyaya toxunmamaq, həmçinin şübhəli videozəngləri dərhal dayandırmaq tövsiyə edilir.


Məlumatlarda vurğulanır ki, dələduzlar çox vaxt etibarlı və səmimi görünüş yaradaraq insanların kömək etmək istəyindən istifadə etməyə çalışırlar. Bu səbəbdən vətəndaşların xüsusilə diqqətli olmaları və tanımadıqları şəxslərə cihazları ilə bağlı kömək etməmələri tövsiyə olunur.

Bizim.Media

Seçilən
4
2
bizim.media

3Mənbələr