AZ

“Xərçəng “cavanlaşır“: səbəb hələ də tapılmır“ Elmi tədqiqat

ain.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Alimlər risk amillərinin zəiflədiyi bir dövrdə gənclər arasında onkoloji xəstəliklərin artmasının səbəbini izah etməkdə çətinlik çəkir..."

Son illərdə 50 yaşdan aşağı insanlar arasında xərçəng xəstəliklərinin artması dünya miqyasında müşahidə olunur. 

Moderator.az xəbər verir ki, bu barədə "naukatv.ru" nəşri yazıb.

Artım var, amma səbəb aydın deyil

Nəşr yazır ki, xüsusilə Böyük Britaniya, ABŞ, Avstraliya və Kanada kimi ölkələrdə 1990-cı illərdən etibarən kolorektal xərçəng halları təxminən 50 faiz artıb. Bu barədə Britaniya Xərçəng Araşdırmaları İnstitutu (The Oncology Institute of Cancer Research) alimlərinin İngiltərə üzrə 2001-2019-cu illəri əhatə edən geniş araşdırmasında deyilir.

Tədqiqat göstərib ki, 20-49 yaş qrupunda 11 növ xərçəngin yayılma səviyyəsi yüksəlib. Onların sırasında kolorektal xərçəng və süd vəzi xərçəngi öndə gəlir. Maraqlıdır ki, bu 11 növdən 9-u üzrə artım 50 yaşdan yuxarı əhali arasında da müşahidə olunur. Bu isə ümumi, sistemli bir səbəb ehtimalını gücləndirir.

Klassik risk amilləri artıq izah etmir

Araşdırmalarda ənənəvi risk amilləri - siqaret, alkoqol, az fiziki aktivlik, qidalanma və qırmızı ət istehlakı yenidən qiymətləndirilib. Nəticə isə gözlənildiyinin əksinə olub: bu amillərin əksəriyyəti ya azalıb, ya da sabit qalıb.

Yeganə istisna bədən kütlə indeksi, yəni piylənmə göstəricisidir. Lakin mütəxəssislərə görə, bu amil belə artımı tam izah etmir. Alimlərin fikrincə, hazırkı məlumatlar göstərir ki, gənclərdə xərçəng artımını yalnız bir səbəblə izah etmək mümkün deyil - bu, çoxamilli proses ola bilər.

Yeni ehtimallar və açıq suallar

Tədqiqatçılar mümkün yeni risk amilləri kimi ultra-emal olunmuş qidaları, "əbədi kimyəvi maddələr", antibiotiklərin bağırsaq mikrobiomuna təsirini və həyat tərzindəki daha incə dəyişiklikləri nəzərdən keçirirlər. Eyni zamanda, diaqnostikanın yaxşılaşması da artımın qismən səbəbi ola bilər, yəni xəstəliklər daha tez və daha çox  aşkarlanır.

London İmperial Kollecinin mütəxəssisləri bildirirlər ki, bu sahə hazırda sürətlə inkişaf edir, amma qəti nəticələr hələ yoxdur. Tədqiqat müəllifləri həm də vacib bir nüansa diqqət çəkir: məsələn, kolorektal xərçəng gənclərdə ildə təxminən 3 min hal təşkil edir və artım faizi yüksək görünsə də, real rəqəmlərlə ifadədə əlavə hallar nisbətən azdır.

Alimlərin ümumi qənaəti ondan ibarətdir ki, gənclər arasında xərçəngin artması tək bir səbəblə izah edilmir. Çox güman ki, bir neçə amilin birləşməsi bu meyli yaradır. Eyni zamanda, tədqiqatçılar vurğulayır ki, xərçənglərin təxminən 40 faizi həyat tərzi ilə bağlı risk amilləri ilə əlaqəlidir və bu amillər hələ də dəyişdirilə biləndir - sağlam qidalanma, fiziki aktivlik və siqaretdən imtina əsas profilaktik vasitələr olaraq qalır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
1
moderator.az

2Mənbələr