AZ

Mənfi kredit tarixçəsi kredit əlçatanlığını necə formalaşdırır? İqtisadçı və hüquqşünasdan AÇIQLAMA

ain.az, Moderator.az portalına istinadən məlumat verir.

Mənfi kredit tarixçəsinin kredit bazarına təsiri və onun kredit reyestrində uzun müddət saxlanılması məsələsi son dövrlərdə maliyyə əlçatanlığı və risklərin idarə olunması mövzusunda geniş müzakirə predmetinə çevrilib. Bu yanaşma həm bankların kredit siyasətinin formalaşması, həm də vətəndaşların maliyyə davranışlarının qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Maraqlıdır, mənfi kredit tarixçəsinin uzun müddət sistemdə qalması ölkədə kredit əlçatanlığına və iqtisadi aktivliyə necə təsir göstərir?

Mövzu ilə bağlı Moderator.az-a iqtisadçı Eldəniz Əmirov və hüquqşünas Ramil Süleymanov münasibət bildiriblər.

İqtisadçı Eldəniz Əmirov qeyd edib ki, kredit tarixçəsinin mənfi olması səbəbindən kreditə əlçatanlıqda ciddi problemlərin yarandığını düşünmür:

"Kredit verən tərəf də eyni zamanda bir sahibkarlıq subyektidir və şəxsin kreditin geri qaytarılması ilə bağlı davranışları onun risk profilini formalaşdırır. Yəni bir insanın gələcək davranışlarını müəyyən qədər onun əvvəlki davranışları əsasında proqnozlaşdırmaq mümkündür və əksər hallarda bu yanaşma özünü doğruldur.

Bu səbəbdən mənfi kredit tarixçəsi olan şəxslərə bankların kredit verməməsi başa düşüləndir. Digər tərəfdən, Azərbaycanda artıq kifayət qədər böyük kredit portfeli mövcuddur. Xüsusilə nəzərə alsaq ki, istehlak kreditləri ümumi kredit portfelinin 30 faizindən çoxunu təşkil edir, kredit əlçatanlığı ilə bağlı sistematik problemin olduğunu demək olmaz".

İqtisadçı onu da vurğulayıb ki, kreditin əlçatan olmadığı ilə bağlı iddialar düzgün yanaşma deyil:

"Çünki kreditin verilməsi müəyyən şərtlərə bağlıdır. Ya girov tələb olunur, ya zamin, ya da şəxsin müsbət kredit tarixçəsi olmalıdır. Kredit reyestrinə baxdıqda görünür ki, bəzi şəxslər illər ərzində dəfələrlə kredit götürüb və öhdəliklərini vaxtında yerinə yetiriblər. Belə hallarda banklar həmin şəxslərə kredit verməyə daha çox üstünlük verirlər.

Amma bank görürsə ki, şəxsin girovu yoxdur, zəmanəti yoxdur, sabit aylıq gəliri mövcud deyil və üstəlik keçmişdə gecikmələri və ya ödənilməmiş borcları olan mənfi kredit tarixçəsi var, bu halda bankın əlavə riskə getməməsi tamamilə anlaşılandır".

Məsələnin hüquqi tərəflərinə də aydınlıq gətirmək üçün hüquqşünas Ramil Süleymanov da mövzuya münasibət bildirib.

Hüquqşünas qeyd edib ki, ümumilikdə hüquqlar məhdudlaşdırıla bilən və məhdudlaşdırıla bilməyən hüquqlar kateqoriyasına bölünür:

"Vətəndaşın şəxsi həyatı ilə bağlı hüquqlar məhdudlaşdırıla bilən hüquqlar sırasına daxildir. Məsələn, vətəndaşın kredit tarixçəsi və keçmiş kredit məlumatlarının reyestrdə saxlanılması bu kateqoriyaya aiddir. Həmin məlumatların müəyyən müddət ərzində kredit reyestrində əlçatan olması qanunvericiliklə tənzimlənir və bunun zərurəti mövcuddur. Bu, gələcəkdə digər kreditorların, bankların və ya bank olmayan kredit təşkilatlarının müraciətləri əsasında həmin şəxsə kredit verilib-verilməyəcəyi ilə bağlı qiymətləndirmə aparmaq üçün vacibdir. Eyni zamanda belə məlumatların saxlanılması və emalı vətəndaşlara əvvəlcədən bildirilir və onlar bu şərtlərlə razı olduqlarını kredit müqaviləsini imzalamaqla təsdiqləyirlər. Ona görə də bu proses tamamilə qanunvericiliyin tələbləri və risklərin qiymətləndirilməsi prinsipləri əsasında həyata keçirilir".

Pərvin Şakirqızı

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
50
moderator.az

10Mənbələr