Rusiyanın Ermənistanda 7 iyun seçkilərindəki əsas namizədi bəllidir. Bu - Xocalı hərbi canisi, artıq vurulmuş “kart” olan eks-prezident Robert Köçəryan yox, hazırda ev dustaqlığında olan rusiyalı oliqarx-milyarder Samvel Karapetyandır.
Ancaq Kaluqa şəhərində milyarderə çevrilmiş, təpədən-dırnağa Moskvaya bağlı bu adam özünü erməni ictimai rəyinə yeni və təmiz sima kimi sırımağa çalışsa da, onun seçki platforması radikal-revanşlərinkindən ciddi fərqlənmir. Üstəgəl, ikili vətəndaşlığının qalması və təbliğat kampaniyası ərəfəsində seçiciləri pulla şirnikləndirməyə çalışması Karapetyanın vəziyyətini xeyli qəlizləşdirib...

Baş nazir Administrasiyası rəhbərinin müavini Taron Çaxoyana görə, bu oliqarxın seçkilərlə əlaqədar rüşvət paylaması artıq sistemli xarakter daşıyır. Çaxoyan hesab edir ki, əslində o, digər Xocalı canisi, sabiq prezident Serj Sərkisyan dövrünün bir tərkib elementidir.
Sitat: “Bu, Sərkisyanın partiyasındakı məhəllə xuliqanlarının ritorikasıdır. O vaxt seçki saxtakarlıqları ilə məşğul olanlar indi də kaluqalı oliqarxa xidmət edirlər. Onun komandasının yuxarı təbəqəsi bu kütləni rüşvət paylamaq üçün “tullantı” kimi istifadə edir. Şalvar və sviter verməklə, qaz pullarını ödəməklə insanları alçaldır, onlara mal kimi yanaşırlar”.
Hökumət rəsmisi Rusiyadakı ermənilərin rüşvətlə Karapetyanın “Güclü Ermənistan” blokuna səs vermək üçün Ermənistana göndərilməsi cəhdlərinə də toxunub: “Orada yaşayan seçki fırıldaqçıları Ermənistana gələn gün onları “Zvartnots” hava limanında hüquq-mühafizə orqanlarımız qarşılayacaq” (Teleqraf).
Karapetyanın ermənilərin Qarabağla bağlı təxribatçı açıqlamasına gəlincə, o, kinayə ilə belə deyib: “Kaluqalı oliqarx Qarabağı öz fərari oğlunun hesabınamı “qaytarmaq” istəyir?”..

Sözsüz, pul heç də hər şeyi həll eləmir. Böyük ehtimalla, 7 iyun parlament seçkilərinin nəticələrinə də ciddi təsir göstərməyəcək. Hər halda, artıq Paşinyan hökuməti hərəkətə keçib və sərt preventiv tədbirlər görülməkdədir. Seçiciləri indidən rüşvətlə ələ almaq istəyən neçə-neçə dələduz həbs olunub. Yerdə qalanlara isə ciddi xəbərdarlıq edilib. Dəlil-faktlar çoxalarsa, yerli MSK-nın qərarı ilə bu qurumun seçkilərdən kənarlaşdırılması da mümkündür. İstisna deyil ki, bunun üçün hər ehtimal, hüquqi zəmin hazırlanır.
Belə tədbirlər son dərəcə vacibdir. Çünki erməni cəmiyyəti taleyüklü və tarixi bir dönəmdən keçir. O səbəbə çox mühümdür ki, sesvermənin nəticələri legitim sayılsın. Yəni, bu xalq Azərbaycanla, Türkiyə ilə sülhü, əməkdaşlığı, dinc yanaşı yaşamağı seçir, yoxsa müharibəni, köhnə düşmənçiliyin davamını?..
Təəssüf ki, Karapetyan kimilər, ümumən radikal-revanşist düşərgə öz soydaşlarının hissləri üzərində oynamağı hədəf seçib. Onlara elə gəlir ki, 2-ci Qarabağ savaşındakı acınacaqlı məğlubiyyət ritorikası üzərində elektoratı hakim partiya əleyhinə kökləyə biləcəklər; erməni seçici gələcəyə yox, yenə keçmişə, geriliyə və növbəti faciələrə səs verəcək.
Halbuki 44+1 günlük müharibənin qalibi əslində həm də Ermənistandır. Bu məğlubiyyət ilk dəfə onlara yeganə doğru yolu tapmaq şansı yaratdığı üçün. Ağılları çatsa, bu fürsəti doğru-dürüst dəyərləndirib Karapetyan, Köçəryan çaplı avantüristlərin və siyasi dəllalların dalınca bir daha getməsələr, elə qalib kimidirlər – iyun seçkilərinin nəticəsindən asılı olmayaraq...