Ukrayna Silahlı Qüvvələri Rusiyanın Leninqrad vilayətindəki Primorsk limanına zərbə endirərək, "Karakurt" raket gəmisi, patrul kateri, "kölgə donanması"na aid tankeri və liman infrastrukturunu sıradan çıxarıb.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
Əməliyyat barədə dövlət başçısına Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəhbəri vəzifəsini icra edən Yevgeni Xmara məruzə edib.
Bildirilib ki, bu, Ukrayna Təhlükəsizlik Xidməti, Pilotsuz Sistemlər Qüvvələri, Xüsusi Əməliyyat Qüvvələri, Baş Kəşfiyyat İdarəsi və sərhədçilərin birgə əməliyyatıdır.
Bundan başqa, Ukrayna Silahlı Qüvvələri Novorossiysk limanının girişində iki böyük gəmiyə də zərbə endirib. Volodimir Zelenski "Telegram" kanalında etdiyi paylaşımda bu hücumu da təsdiqləyib.
Prezidentin sözlərinə görə, hədəf alınan tankerlərdən neft daşınması üçün aktiv şəkildə istifadə olunurdu.
Musavat.com