Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı Marafonu 2026” maraqlı və rəngarəng anlarla yadda qalıb.
Musavat.com-un məlumatına görə, marafon iştirakçıları arasında tanınmış bəstəkar-müğənni Elza Seyidcahan da yer alıb.
O, bu dəfə də qeyri-adi davranışları ilə diqqət çəkməyi bacarıb. Belə ki, digər iştirakçılar kimi qaçışını davam etdirən sənətçi eyni zamanda müxtəlif ayaq hərəkətləri edərək rəqs elementləri nümayiş etdirib. Onun bu fərqli performansı marafon iştirakçıları və izləyicilər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, “Bakı Marafonu” hər il minlərlə insanı bir araya gətirərək sağlam həyat tərzinin təbliğinə xidmət edir və eyni zamanda sosial həmrəyliyin gücləndirilməsinə töhfə verir. 42 kilometrlik marşrutda keçirilən marafona 25 min iştirakçı qatılıb. Marafonda finiş xəttinə kişilər arasında ilk çatan idmançı Türkiyədən Əhməd Alkanoğlu olub. İkinci yerdə ukraynalı yarışçı Vitali Şafar, üçüncü yerdə isə Qırğızıstan təmsilçisi Yrskeldi Akerov qərarlaşıb.
Qadınların mübarizəsində Rusiyadan Yelena Tolstıx birinci, Azərbaycandan Anna Yusupova ikinci, Qazaxıstandan Şirin Akimbay üçüncü yerin sahibi olub.
Şahanə Rəhimli
Musavat.com