ABŞ-də prezident adı ətrafında diqqətçəkən tendensiya formalaşır.
Musavat.com xəbər verir ki, “NBC News” telekanalının məlumatına görə, ABŞ prezidenti Donald Trampın adı və imici artıq ən azı 12 dövlət layihəsi və məkanla əlaqələndirilir.
Məlumata görə, bu siyahıya Vaşinqtondakı “Kennedy Center”in adının “Trump Kennedy Center” kimi dəyişdirilməsi təşəbbüsü də daxildir. Həmçinin ABŞ Sülh İnstitutunun adında Trampın adının istifadə olunması müzakirə edilir.
Bundan başqa, ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə hazırlanacaq yeni pasport dizaynlarında Trampın təsvirinin yer alması planlaşdırılır.
Administrasiya eyni zamanda “Trump Accounts” adlı federal yığım hesabları və “TrumpRx” adlı dərman endirim proqramı kimi təşəbbüsləri də irəli sürür.
Trampın adı xatirə sikkələri və yeni dollar əskinasları ilə bağlı layihələrdə də hallanır. Hətta onun imzasının pul vahidlərində yer alması ideyası müzakirə olunur. Digər təkliflər arasında yeni hərbi gəmilər sinfinin “Trump-class” adlandırılması da var.
Trampın portretləri artıq ABŞ milli parklarına giriş kartlarında da istifadə olunmağa başlayıb və Vaşinqtondakı bəzi federal binalarda onun iri bannerləri yerləşdirilib.
Eyni zamanda paytaxtda ABŞ-nin 250 illiyi münasibətilə böyük triumfal tağ - “Arc de Trump” və ya “Independence Arch” layihəsi də müzakirə olunur.
Musavat.com