AZ

​Tağı Əhmədovun sovet dövrünə aid SENSASİON VİDEOSU yayıldı

Sosial şəbəkələrdə "Bakı Metropoliteni" QSC-nin keçmiş rəisi Tağı Əhmədova məxsus maraqlı arxiv videogörüntüləri yayılıb. SSRİ dövründə lentə alınan bu kadrlarda mərhum sabiq rəis metrodakı fəaliyyətindən danışarkən artıq 20 ilə yaxındır burada çalışdığını vurğulayır. Bu görüntülər onun rəhbər vəzifəyə yüksəlməzdən çox öncə, sistemin ən ağır sahələrində sıravi işçi kimi təcrübə topladığını bir daha nümayiş etdirir.

Musavat.com xəbər verir ki, 1949-cu il fevralın 1-də Naxçıvanın Şahbuz rayonunda anadan olan Tağı Əhmədovun əmək fəaliyyəti "Badamlı" zavodunda fəhləliklə başlayıb. Lakin onun həyatının 40 ildən çoxu Bakı metrosu ilə bağlı olub. 1970–1994-cü illərdə tunel fəhləsi kimi işə başlayan T.Əhmədov, böyük tunel ustası, distansiya rəisi və xidmət rəisi kimi pillələri bir-bir keçərək peşəkar mühəndis səviyyəsinə yüksəlib.

İki ali təhsil ocağını, Azərbaycan Politexnik İnstitutunu və Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirən Tağı Əhmədov həm də texnika elmləri namizədi idi. O, "Tunellərin zəlzələyə davamlılığı" mövzusunda elmi tədqiqatlar aparıb, 2005-ci ildən Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvü seçilib.

Onun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib, "Şöhrət" ordeni, "Əməkdar mühəndis" fəxri adı, "Fəxri Dəmiryolçu" və "Qızıl Buta" kimi müfəssəl mükafatlara layiq görülüb.

1998–2014-cü illərdə "Bakı Metropoliteni"nə rəhbərlik edən Tağı Əhmədov, eyni zamanda 2022-ci ilə qədər YAP Yasamal rayon təşkilatının sədri kimi siyasi fəaliyyət göstərib. Xatırladaq ki, metropolitenin eks-rəisi 18 oktyabr 2024-cü ildə, 76 yaşında vəfat edib.



İqbal RZAYEV,
Musavat.com

Seçilən
0
25
musavat.com

4Mənbələr