Qan Donorluğunun İnkişafı Mərkəzinin İdarə Heyəti “Bakı Marafonu 2026″ – idman yarışında iştirak edib.
Bu barədə Mərkəzin mətbuat xidməti məlumat yayıb.
Belə ki Qan Donorluğunun İnkişafı Mərkəzinin İdarə Heyətinin Sədri, Fuad Rəsul və İdarə Heyətin üzvləri marafonda iştirak edərək fiziki aktivliyin artırılması və insanların idmana marağının gücləndirilməsinə öz töhfələrini veriblər.
Məlumat üçün bildirək ki, bu marafon sosial mesaj daşıyaraq qan donorluğunun əhəmiyyətini ön plana çəkir, insanları xeyirxah əməllərə, xüsusilə də həyat xilas edən donor fəaliyyətinə təşviq edir. Yarış həmrəyliyin, sosial məsuliyyətin və sağlam cəmiyyət ideyasının təcəssümüdür.
İnsanların donor ola bilmələri üçün ilk növbədə sağlam olmaları vacibdir. Sağlam orqanizm həm qanvermə prosesini təhlükəsiz edir, həm də verilən qanın ehtiyacı olan xəstələr üçün faydalı və keyfiyyətli olmasını təmin edir.
Göstərilən xüsusi diqqət və qayğıya görə Qan Donorluğunun İnkişafı Mərkəzi Heydər Əliyev Fonduna dərin təşəkkürünü bildirir.










