AZ

Elektron attestatlar: şəffaflıq və sürət artacaq

Bu ildən etibarən attestatlar elektron formada təqdim olunacaq.

Maraqlıdır, elektron attestatların tətbiqinin hansı müsbət və mənfi tərəfləri ola bilər?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərova bildirib ki, elektron attestatların tətbiqi həm şagirdlər, həm də valideynlər üçün bir çox praktiki üstünlüklər yaradır:

182492

“Bu yeniliyi ümumilikdə müsbət qiymətləndirirəm. Ən əsas məqamlardan biri əlçatanlıq və rahatlıqdır. Artıq sənədlərin fiziki şəkildə saxlanılması, itirilməsi və ya yenidən bərpası kimi problemlər minimuma enir. Şagird öz nəticələrinə daha operativ şəkildə çıxış əldə edir, valideyn isə istənilən vaxt övladının akademik göstəricilərini izləyə bilir.

Eyni zamanda, bu yanaşma sənədləşmə prosesini daha sürətli və çevik edir. Xüsusilə ali təhsil müəssisələrinə müraciət zamanı və ya müxtəlif rəsmi prosedurlarda elektron attestatların təqdim olunması vaxt itkisini azaldır və prosesi sadələşdirir. Beynəlxalq təcrübədə də rəqəmsal təhsil sənədlərinin tətbiqi uzun müddətdir ki, uğurla istifadə olunur və vətəndaş məmnunluğunu artıran əsas amillərdən biri hesab olunur.

Elektron attestatların mühüm üstünlüklərindən biri də şəffaflığın güclənməsidir. Məlumatların vahid sistemdə toplanması və saxlanılması insan faktorundan irəli gələn bəzi riskləri azaldır, qiymətləndirmə və sənədləşmə prosesinə daha çox etibarlılıq qazandırır. Bu isə həm valideynlərin, həm də cəmiyyətin təhsil sisteminə olan inamını artıran vacib amillərdəndir”.

Həmsöhbətimiz qeyd edib ki, bununla yanaşı bəzi çətinliklər də nəzərə alınmalıdır:

“Rəqəmsal platformalardan istifadə bacarığı hər kəsdə eyni səviyyədə deyil və bu, xüsusilə bəzi valideynlər üçün ilkin mərhələdə çətinlik yarada bilər. Həmçinin, texniki problemlər, sistemə girişdə yaranan çətinliklər və ya nasazlıqlar tətbiqin ilk dövrlərində müşahidə oluna bilər. Bu baxımdan, paralel olaraq istifadəçilərin maarifləndirilməsi və texniki dəstək mexanizmlərinin gücləndirilməsi vacibdir.

Ümumilikdə, elektron attestatların tətbiqi təhsil sistemində rəqəmsallaşma istiqamətində atılmış mühüm addımlardan biridir. Düzgün və mərhələli şəkildə tətbiq olunduğu təqdirdə bu yenilik həm idarəetmənin səmərəliliyini artıracaq, həm də daha şəffaf və müasir təhsil mühitinin formalaşmasına töhfə verəcək”.

Seçilən
7
azedu.az

1Mənbələr