AZ

Urs Unkauf: WUF13 ə ev sahibliyi etməsi Azərbaycanın Avropa ilə Asiya arasında əsas mərkəz kimi rolunu gücləndirir

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Berlin, 4 may, AZƏRTAC

Son illər mötəbər beynəlxalq tədbirlərin uğurla keçirildiyi Azərbaycan daha bir qlobal əhəmiyyətli platformaya ev sahibliyi etməyə hazırlaşır. Bir neçə gündən sonra paytaxt Bakıda BMT-nin Dünya Şəhərsalma Forumu (WUF13) keçiriləcək. Hazırda Azərbaycan regionda mühüm geosiyasi və iqtisadi transformasiya mərhələsini yaşayır. Ermənistanla sülh prosesinin irəlilədiyi bir dövrdə ölkə paralel şəkildə azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərini davam etdirir. Bu istiqamətdə ən müasir şəhərsalma yanaşmaları tətbiq olunur, “yaşıl enerji zonaları” formalaşdırılır, “Yaşıl Şəhər” və “Yaşıl Kənd” konsepsiyaları ardıcıl şəkildə həyata keçirilir. Bununla yanaşı, tarixi-memarlıq irsinin qorunması prioritet istiqamət olaraq saxlanılır və müasir inkişaf modelləri ilə üzvi şəkildə uzlaşdırılır. Məhz belə bir şəraitdə WUF13 təkcə şəhərsalma məsələlərinin müzakirə platforması kimi deyil, həm də regionda davamlı inkişafın təşviqi, postmünaqişə dövründə yenidənqurma proseslərinin təqdimatı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Almaniyanın Federal İqtisadi Təşviq və Xarici Ticarət Assosiasiyasının icraçı direktoru, xarici əlaqələr üzrə səlahiyyətli nümayəndə Urs Unkauf AZƏRTAC-ın bu məsələlərlə bağlı suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- Cənab Unkauf, Azərbaycanın WUF13 kimi qlobal əhəmiyyətli bir foruma ev sahibliyi etməsini necə qiymətləndirirsiniz? Bu, ölkənin beynəlxalq mövqeyi və regionda əməkdaşlıq üçün hansı imkanlar yaradır?

- Azərbaycanın WUF13-ə ev sahibliyi etməsi təşkilati uğurdan daha çox aydın geosiyasi göstəricidir. Azərbaycan özünü təkcə beynəlxalq müzakirələrin iştirakçısı deyil, həm də həmin prosesləri fəal şəkildə formalaşdıran bir dövlət kimi açıq şəkildə təqdim edir. Bu amil xüsusilə geosiyasi qarşıdurmaların kəskinləşdiyi hazırkı şəraitdə xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan uzun müddət münaqişə regionu hesab olunan Cənubi Qafqazda hazırda münaqişələrin idarə olunmasından sabitliyin və davamlı inkişafın fəal şəkildə formalaşmasına keçidi nümayiş etdirir. Ermənistanla sülh prosesi və paralel olaraq azad edilmiş ərazilərin yenidən qurulması bu strateji yanaşmanın bariz nümunəsidir.

WUF13 bu reallığı beynəlxalq səviyyədə təsdiqləmək üçün fürsət təqdim edir. Bu, yerində əldə edilən irəliləyiş üçün görünürlük yaratmaqla yanaşı, Cənubi Qafqazda sabitliyin artıq nəzəri deyil, praktikada da formalaşdığını nümayiş etdirir.

Eyni zamanda, forum Azərbaycanın Avropa ilə Asiya arasında əsas mərkəz kimi rolunu gücləndirir. Nəqliyyat dəhlizlərinin, enerji təchizatının və geosiyasi etibarlılığın xüsusi önəm qazandığı bir dövrdə belə bir foruma ev sahibliyi etmək beynəlxalq tərəfdaşlara aydın bir siqnal göndərir: Azərbaycan məsuliyyəti öz üzərinə götürməyə və beynəlxalq əməkdaşlığı fəal şəkildə formalaşdırmağa hazırdır.

- Sizin fikrinizcə, WUF13 çərçivəsində aparılacaq müzakirələrin Azərbaycanın yaşıl enerji siyasətinin təşviqinə və müasir, dayanıqlı şəhərsalmanın inkişafına hansı təsirləri ola bilər? Bu amillər ölkənin region üçün nümunəvi rolunun gücləndirilməsinə necə töhfə verə bilər?

- WUF13 Azərbaycanın iqtisadi siyasətini və enerji strategiyasını məqsədyönlü şəkildə şaxələndirdiyi bir dövrə təsadüf edir. Ənənəvi olaraq fosil enerji daşıyıcılarının təchizatçısı kimi tanınan Azərbaycan strateji olaraq bərpaolunan enerji, dayanıqlı infrastruktur və müasir şəhər inkişafı sahələrində də aktora çevrilir.

Ən vacib cəhət odur ki, bu transformasiya öz əksini təkcə kağız üzərində tapmır, həm də geniş miqyasda, xüsusən də Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilir. Orada yeni şəhərlər və infrastruktur əvvəldən səmərəlilik, dayanıqlılıq və texnoloji inteqrasiya üçün əsasında yaradılır. "Yaşıl Şəhər" və "Yaşıl Kənd" kimi anlayışlar burada siyasi şüarlar deyil, konkret planlaşdırma prinsipləridir. WUF13 bu proseslərin beynəlxalq nüfuzunu artıra və eyni zamanda, onlara siyasi legitimlik təmin edə bilər. O, davamlı inkişafın və iqtisadi yenidənqurmanın ziddiyyətli olmadığını, əksinə, bir-birini gücləndirə biləcəyini nümayiş etdirmək üçün bir platforma təqdim edir. Bundan əlavə, Forumun aydın strateji ölçüsü var: o, geosiyasi cəhətdən həssas bir bölgədə sabitliyə yönəlmiş transformasiya prosesi modeli kimi Azərbaycanın mövqeyini gücləndirir. İnfrastruktur, enerji siyasəti və şəhər inkişafının inteqrasiya olunmuş şəkildə inkişafı iqtisadi artımla yanaşı, uzunmüddətli siyasi sabitlik də yaradır.

- Azərbaycandakı bu proseslər Avropa, o cümlədən Almaniya üçün necə bir maraq doğurur?

- Azərbaycandakı hazırkı proseslər Avropa və xüsusilə Almaniya üçün birbaşa strateji əhəmiyyət kəsb edir. Onlar enerji təchizatı, ticarət yolları, geosiyasi sabitlik və iqtisadi şaxələndirmə kimi əsas maraq sahələrini əhatə edir. Azərbaycan bu gün Avropanın enerji arxitekturasının vacib bir komponentidir. Bu rol enerji mənbələrinin şaxələndirilməsi kontekstində daha da əhəmiyyət qazanır. Eyni zamanda, ölkənin bərpaolunan enerji sahəsində potensialını genişləndirməsi Avropa ilə uzunmüddətli və davamlı enerji tərəfdaşlığı üçün yeni perspektivlər açır.

Söhbət həm də nəqliyyat əlaqələri və ticarət marşrutlarından da gedir. Cənubi Qafqaz, xüsusən də Orta Dəhliz çərçivəsində Avropa və Asiya arasında əsas hissəyə çevrilir. Azərbaycan ərazisindən keçən nəqliyyat və logistika əlaqələri xüsusən geosiyasi dəyişikliklər fonunda sabit təchizat zəncirləri baxımından getdikcə daha çox əhəmiyyət kəsb edir. Bundan əlavə, Azərbaycan ilə Ermənistan arasında sülh prosesi vasitəsilə regionda sabitliyin bərqərar olması aydın təhlükəsizlik siyasəti ölçüsünə malikdir. Cənubi Qafqazda sabitlik Avropanın xarici sərhədlərində sabitlik deməkdir.

Etibarlı mühit təkcə iqtisadi fəallığı asanlaşdırmır, həm də geosiyasi riskləri azaldır. Bu, Almaniya üçün konkret önəm kəsb edir: söhbət yalnız ənənəvi xarici iqtisadi siyasətdən getmir, həm də bir neçə əsas sahədə önəm qazanan bir ölkə ilə strateji tərəfdaşlıq qurmaqdan gedir. Bakı ilə Berlin arasında iqtisadi əlaqələr artıq nəzərəçarpacaq dərəcədə intensivləşib, bu gün Almaniya Azərbaycanın ən vacib on ticarət tərəfdaşı arasındadır. Bu baxımdan, Alman-Azərbaycan Forumu hesab edir ki, Almaniya bu inkişafı öz maraqları naminə - siyasi iştirak, daha dərin iqtisadi əlaqələr və sosial əhəmiyyətli sahələrdə konkret əməkdaşlıq layihələrinin təşviqi vasitəsilə fəal şəkildə dəstəkləməlidir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
azertag.az

2Mənbələr