AZ

Deputat: Luis Okampo ilə bağlı faktlar fonunda fundamental dəyərlər arxa planda qalıb

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 4 may, AZƏRTAC

Luis Moreno Okamponun oğlu ilə danışığının səs yazısında ortaya çıxan məqamlar, əslində siyasi və ictimai fəaliyyətlə məşğul olan hər bir şəxs üçün ciddi reputasiya zərbəsi olmalı idi. Lakin hazırkı reallıq göstərir ki, vaxtilə yüksək vəzifələr tutmuş belə fiqurların davranışları fonunda siyasi etika və mənəvi dəyərlər getdikcə aşınır, hətta bəzi hallarda rüsvayçılıq belə adi hal kimi qəbul olunur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov söyləyib.

O bildirib ki, yaranan rezonansa baxmayaraq, bu proseslər gözlənilməz deyil. Erməni diasporunun geniş şəbəkəyə malik olması və müxtəlif nüfuzlu şəxsləri təsir dairəsinə cəlb etməsi artıq uzun müddətdir məlum olan faktdır. Bu kontekstdə Avropa resurslarından istifadə etməklə digər dövlətlərin maraqlarına təsir göstərmək cəhdlərinin bu qədər açıq müzakirə olunması, xüsusilə diqqət çəkir. Başqa ölkələrin taleyi ilə bağlı qərarların, kiminsə siyasi səhnədən uzaqlaşdırılması kimi məsələlərin bu qədər rahatlıqla dilə gətirilməsi ciddi mənəvi aşınmanın göstəricisi kimi qiymətləndirilir. Üstəlik, bunu demokratiya və insan haqları kimi dəyərləri ön plana çıxaran şəxslərin etməsi əlavə ziddiyyət yaradır.

"Avropa İttifaqının Ermənistana seçkilərlə bağlı hibrid təhdidlərə qarşı dəstək məqsədilə yeni missiya göndərmək planları fonunda isə əlavə suallar meydana çıxır. Bu vəziyyət Aİ-nin regiondakı mövqeyi və verdiyi bəyanatların səmimiliyi ilə bağlı müzakirələri daha da gücləndirir. Bununla belə, məsələni ümumiləşdirmək doğru olmaz, yayılan materiallarda daha çox konkret lobbi qruplarının fəaliyyəti ön plana çıxır, nəinki bütövlükdə Aİ institutlarının.

Buna baxmayaraq, Azərbaycanda müəyyən dairələrdə Avropa strukturlarının ölkəmizə münasibətdə soyuq yanaşması hiss olunur. Xüsusilə azad edilmiş ərazilərin bərpası prosesində bu passivlik diqqət çəkir. Müəyyən istisnalar olsa da, Aİ bu istiqamətdə genişmiqyaslı iştirak göstərmir, halbuki Ermənistana maliyyə dəstəyi ayırır.

Yayılan səs yazısı konkret proqramların, maliyyə mənbələrinin və icra mexanizmlərinin mövcudluğunu göstərir. Açıq qalan əsas sual isə rəsmi İrəvanın bu proseslərdə iştirak səviyyəsinin nə qədər dərin olmasıdır.

Aydındır ki, nə Okampo, nə də Josep Borrell bütün Avropanı təmsil edir. Lakin müəyyən lobbi qruplarının təsir imkanları və informasiya rıçaqları mövcuddur və bu vasitələrlə regionda revanşist yanaşmaların təşviqinə cəhd göstərilir. Formal olaraq bu proseslərin Nikol Paşinyana qarşı yönəldiyi görüntüsü yaransa da, əsl hədəfin Azərbaycan olduğu qənaəti formalaşır. Çünki ölkəmizin əldə etdiyi uğurlar və regionda yeni reallıqlar bəzi dairələr tərəfindən hələ də qəbul edilmir",- deyə N. Aslanov vurğulayıb.

Deputatın sözlərinə görə, Okamponun səsləndirdiyi fikirlər və ortaya çıxan faktlar ciddi narazılıq doğurur və göstərir ki, bu gün bəzi hallarda fundamental dəyərlər arxa plana keçirilib. Artıq maskalar aradan qalxır və bu kimi şəxslər öz real mövqelərini gizlətməkdən çəkinmirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
1
azertag.az

2Mənbələr