Bakı, 4 may, AZƏRTAC
“Bakı Gəmiqayırma Zavodu” MMC ilə Qazaxıstanın “Samruk-Kazına” ASC-nin şirkətlər qrupuna daxil olan “KTZ Express Shipping” şirkəti arasında gəmiqayırma sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədə əsasən, müasir beynəlxalq standartlara uyğun iki ədəd quru yük gəmisinin inşası nəzərdə tutulur.
“AZCON Holding”in icraçı direktoru Şahin Babayev bildirib ki, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi holdinqin prioritet istiqamətlərindəndir. Onun sözlərinə görə, layihə həm mövcud texnoloji imkanların nümayişi, həm də Azərbaycanın gəmiqayırma sənayesinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
“Bu əməkdaşlığın gələcəkdə yeni uğurlu layihələr üçün möhkəm zəmin yaradacağına inanırıq”, – deyə o vurğulayıb.
“Samruk-Kazına” ASC-nin İdarə Heyətinin sədri Nurlan Jakupov isə qeyd edib ki, dəniz infrastrukturunun inkişafı Qazaxıstanın tranzit potensialının artırılması istiqamətində həyata keçirilən ardıcıl siyasətin tərkib hissəsidir. Onun sözlərinə görə, “Qazaxıstan Temir Jolu” SC-nin şəxsi donanmasının formalaşdırılması Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun dayanıqlığını gücləndirir, yükdaşıma imkanlarını genişləndirir və beynəlxalq tərəfdaşların cəlb olunmasına əlavə şərait yaradır.
Qeyd edək ki, bu əməkdaşlıq Orta dəhliz üzrə yük axınının artdığı bir dövrdə xüsusi aktuallıq daşıyır. Layihə yerli gəmiqayırma sənayesinin inkişafını sürətləndirməklə yanaşı, zavodun istehsal gücünün artırılmasına və rəqabət qabiliyyətinin möhkəmlənməsinə töhfə verəcək.
Bununla da beynəlxalq sifarişlər əsasında inşa olunan gəmilərin sayı 4-ə çatır ki, bu da zavodun qlobal bazarda artan nüfuzunun və etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmləndiyini göstərir.