AZ

Oskanyan: Paşinyanın siyasəti Ermənistanı Avropaya yaxınlaşdırmır, əksinə riskləri artırır – ÖZƏL

Olaylar.az xəbər verir ki, keçmiş nazir Vardan Oskanyan bildirib ki, Nikol Paşinyan hakimiyyətinin "Avropaya inteqrasiya" adı altında apardığı siyasət əslində ölkəni nə məzmun, nə də dəyərlər baxımından Avropaya yaxınlaşdırmayıb. Onun sözlərinə görə, hakimiyyət üçün "Avropa davranışı" yalnız anti-Rusiya mövqeyi ilə məhdudlaşır və bunun əsas yükünü sadə vətəndaş daşıyır.

Oskanyan xatırladıb ki, Paşinyan 2018-ci ildə baş nazir kimi fəaliyyətə İrəvanda Frankofoniya sammiti ilə başlayıb və onu Avropa Siyasi Birliyi sammiti ilə başa vura bilər. Lakin onun fikrincə, əvvəl daxili siyasi stimul kimi təqdim olunan bu kurs sonradan strateji səhvə çevrilib.

Keçmiş nazir qeyd edib ki, Paşinyanın xarici siyasəti ölkənin maraqlarını qorumağa deyil, daha çox daxili auditoriyaya hesablanmış bəyanatlara əsaslanıb. Nəticədə Ermənistan balanslı siyasət aparmaq əvəzinə geosiyasi qarşıdurmanın meydanına çevrilib və bu prosesdə ölkə heç nə qazanmır.

Onun sözlərinə görə, son illərdə Ermənistan təhlükəsizlik sistemini zəiflədib, ciddi itkilərlə üzləşib və qarşılığında heç bir real nəticə əldə etməyib. Hətta vizaların liberallaşdırılması kimi məsələlərdə də Avropa ilə irəliləyişə nail olunmayıb.

Oskanyan vurğulayıb ki, Ermənistanın Avropa İttifaqı ilə yaxın münasibətləri olmalıdır, lakin mövcud hakimiyyət bu istiqamətdə də real nailiyyət göstərə bilməyib. O əlavə edib ki, Avropa Siyasi Birliyi sammiti və orada Volodimir Zelenski kimi liderlərin iştirakı Ermənistanın xarici siyasətindəki balanssızlığı daha da qabarda bilər.

Sonda Oskanyan seçicilərə xəbərdarlıq edərək bildirib ki, sammitdən sonra Paşinyana veriləcək hər səs ölkənin təhlükəsizliyi və iqtisadi dayanıqlığı baxımından mənfi nəticələrə səbəb ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
olaylar.az

1Mənbələr