AZ

ABŞ qlobal siyasətdə hədəflərini dəyişməyib

Qlobal geosiyasi proseslər və böyük güclər arasında davam edən rəqabət beynəlxalq təhlükəsizlik mühitinə birbaşa təsir göstərməkdədir. ABŞ-ın xarici siyasət prioritetləri, hərbi-strateji yanaşmaları və müxtəlif regionlardakı fəaliyyəti isə bu proseslərin əsas müzakirə mövzularından biri olaraq qalır.

Mövzu ilə bağlı hərbi ekspert Şair Ramaldanov öz fikirlərini bölüşüb.

O, News365.az-a açıqlamasında bildirib ki, hazırkı beynəlxalq vəziyyətdə yeni və gözlənilməz bir məqam yoxdur, ABŞ-ın strateji məqsədləri və prioritetləri əvvəlki dövrlərdə olduğu kimi qalmaqdadır. Onun sözlərinə görə, Vaşinqton müxtəlif mərhələlərdə öz hədəflərini açıq şəkildə bəyan edib və bu istiqamətdə fərqli variantları nəzərdən keçirməkdən çəkinmir.

Şair Ramaldanov qeyd edib ki, ABŞ-ın müəyyən mərhələlərdə atəşkəs və ya eskalasiya dövrlərindən istifadə etməsi daha çox kəşfiyyat məlumatlarının toplanması, vəziyyətin yenidən təhlil edilməsi və gələcək hərbi-siyasi addımların planlaşdırılması ilə bağlı ola bilər.

Ekspert vurğulayıb ki, ABŞ-ın siyasi məqsədləri dəyişməz olaraq qalır və bu məqsədlərə çatmaq üçün müxtəlif alternativlər istisna edilmir. Lakin o, əlavə edib ki, ABŞ təkbaşına qlobal prosesləri müəyyən etmir və bu məsələdə Çin, Rusiya, Yaxın Şərq ölkələri və Avropa İttifaqı kimi bir sıra güc mərkəzlərinin də mühüm rolu var.

Onun sözlərinə görə, bu faktorlar beynəlxalq münasibətlərdə qarşılıqlı təsir yaradır və nəticədə həm ABŞ-a yönələn təklif və xəbərdarlıqlar, həm də əks reaksiyalar meydana çıxır.

Şair Ramaldanov sonda bildirib ki, ABŞ mövcud şəraitdə öz məqsədlərinə minimum itki ilə nail olmaq üçün müxtəlif çıxış yolları axtarmaqda davam edir.

Seçilən
11
news365.az

1Mənbələr