AZ

KOBİA nın sədri: Tibbi məhsullarla özünü təminetmə strateji əhəmiyyət kəsb edir

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 4 may, AZƏRTAC

Əczaçılıq sektorunun inkişafı ölkəmizdən valyuta axınının azalmasına və yeni sərmayələrin cəlb edilməsinə xidmət edir.

2026-cı ilin birinci rübündə Azərbaycana 125 milyon ABŞ dolları həcmində əczaçılıq məhsulları idxal edilib. Bu amil bir tərəfdən idxaldan asılılığa işarə etsə də, digər tərəfdən ölkəmizdə əczaçılıq sənayesinin inkişafı üçün böyük imkanların olduğunu göstərir. Çünki istehsal ediləcək məhsullar üçün alıcı axtarışlarına çıxmağa ehtiyac qalmayacaq.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Azərbaycan əczaçılıq sənayesi: Dünən, bu gün və sabah” II beynəlxalq konfransda çıxış edərkən deyib.

O bildirib ki, əldə olan imkanlardan səmərəli istifadə etməklə həm daxili bazarın ehtiyaclarını qarşılamaq, həm də məhsulları ixrac etmək mümkündür: "Artıq son illərdə biz qeyd edilən müsbət tendensiyanın şahidi oluruq. Belə ki, cari ilin yanvar-mart ayları ərzində Azərbaycan təxminən 1 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib ki, bu da ötən illə müqayisədə 18,5 faiz çoxdur. Tibbi məhsullarla özünü təminetmə dərman təhlükəsizliyi və iqtisadi dayanıqlıq baxımından strateji əhəmiyyət kəsb edir. 2020-ci ildə baş vermiş qlobal pandemiya bu məsələnin vacibliyini bir daha diqqətə çatdırıb. Azərbaycanda həm pandemiya dövründə, həm ondan əvvəl istər əczaçılıq sənayesinin, istərsə də tibb sənayesinin inkişafı ilə bağlı əhəmiyyətli işlər görülüb. Ölkədə əczaçılıq sənayesinə son illərdə bu sahəyə ciddi investisiyalar cəlb olunub. Təkcə Pirallahı Sənaye Parkında investisiya portfeli təxminən 130 milyon manatdır. Sənaye parklarından kənarda da bu sahədə genişmiqyaslı işlər görülür. Ələt Azad İqtisadi Zonasında həyata keçirilən layihə də Azərbaycanda müxtəlif tibbi məhsulların istehsalının genişləndirilməsini nəzərdə tutur. Qlobal prizmadan baxdıqda, mikro, kiçik, orta biznes subyektləri əczaçılıq sənayesində innovasiyaların hərəkətverici qüvvəsi hesab olunur və xüsusilə yeni dərman kəşflərinin əhəmiyyətli bir hissəsini əhatə edir. Onlar tərəfdaşlıq və texnoloji xidmətlər vasitəsilə böyük əczaçılıq şirkətləri üçün mühüm təchizat həlqəsi rolunu oynayır", - deyə O. Məmmədov qeyd edib.

Müxbir - Günel Türksoy

Fotoqraf - Tofiq Babayev

Videooperator - Vüsal Tağıyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
2
azertag.az

3Mənbələr