AZ

Gündüz İsmayılov: Naxçıvanda qılınan vəhdət namazı müsəlmanlar arasında birliyin nümunəsidir

Naxçıvanda qılınan vəhdət namazı müsəlmanlar arasında birliyin nümunəsidir.

"Far.Az"un yerli bürosu xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov Naxçıvanda keçirilən "Zəngəzur yolu – tarixin izi ilə" mövzusunda konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, konfransa Türkiyədən cəfəri icmasının nümayəndələri ilə yanaşı, Diyanət İşləri Başkanlığının tabeliyində fəaliyyət göstərən məscidlərin din xadimləri, həmçinin Qars vilayətinin müftüsü, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi, müftüsü və Azərbaycan üzrə müftüsü konfransa qatılıblar:

"Bütün bunlar Azərbaycanın dini siyasətinin əsas məqsədini – birlik və həmrəylik ruhunun təkcə ölkə daxilində deyil, xaricdə yaşayan azərbaycanlılar arasında da gücləndirildiyini aydın şəkildə göstərir. Bu siyasətin bariz nümunələrindən biri də Naxçıvanda Heydər məscidində və Kazım Qarabəkir Paşa məscidində qılınan vəhdət namazı oldu. Həmin namazda Azərbaycan, Türkiyə və Gürcüstandan olan din xadimləri məzhəb fərqi qoymadan birlik nümayiş etdirdilər".

G.İsmayılov hazırda İslam dünyasının ən çox ehtiyac duyduğu dəyərlərdən birinin məhz vəhdət olduğunu vurğulayıb:

"Bu istiqamətdə həyata keçirilən tədbirlər – Ramazan ayındakı layihələr, beynəlxalq görüşlər və konfranslar – bu ideyanın təbliğinə xidmət edir. Xatırladaq ki, daha əvvəl Gürcüstan və Türkiyədən olan din xadimlərinin işğaldan azad olunmuş ərazilərə, o cümlədən Şuşaya səfərləri təşkil olunmuşdu. Həmin səfər çərçivəsində Şuşa məscidlərində qılınan vəhdət namazı bu gün Naxçıvanda davam etdirilir. Bu, mühüm və mənəvi baxımdan dəyərli bir missiyadır. Sevindirici haldır ki, Azərbaycan bu missiyanın həm daşıyıcısı, həm də fəal təbliğatçısı kimi çıxış edir".

Seçilən
28
far.az

1Mənbələr