AZ

BMU-da çörək tullantılarının emalı üzrə innovativ layihə həyata keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) qida israfı ilə mübarizə və ekoloji tarazlığın qorunmasına yönəlmiş daha bir innovativ layihə həyata keçirilib.

AzEdu.az xəbər verir ki, universitetin Kimya mühəndisliyi kafedrasının müdiri Namiq Şıxəliyevin rəhbərliyi ilə gerçəkləşdirilən layihə çərçivəsində məişətdə və istehsalat proseslərində artıq qalan çörək qırıntıları xüsusi emal texnologiyaları vasitəsilə yüksək əlavə dəyərə malik məhsullara çevrilib. Aparılan tədqiqat və eksperimental işlər nəticəsində bu tullantılardan etil spirti əldə olunub. Yerdə qalan qalıqdan isə üzvi gübrə və heyvan yemi hazırlanması nəzərdə tutulur.

Məlumdur ki, gündəlik məişət tullantılarının əhəmiyyətli hissəsini çörək və çörək məmulatları təşkil edir. Layihə məhz bu problemin həllinə yönələrək tullantıların sadəcə utilizasiyası deyil, onların təkrar emal yolu ilə iqtisadi resursa çevrilməsini hədəfləyir. Bu yanaşma həm ətraf mühitə düşən yükün azaldılmasına, həm də resurslardan səmərəli istifadəyə töhfə verir.

Layihənin əsas üstünlükləri sırasında ekoloji dayanıqlılığın təmin olunması, iqtisadi səmərəliliyin artırılması və cəmiyyətdə sosial məsuliyyətin təşviqi xüsusi yer tutur. Eyni zamanda, təşəbbüs “yaşıl iqtisadiyyat” prinsiplərinə uyğun olaraq alternativ xammal mənbələrinin formalaşdırılması baxımından da əhəmiyyətli hesab edilir.

Qeyd edək ki, bu innovativ təşəbbüs İctimai Televiziyanın “Sabahın xeyir, Azərbaycan” proqramında işıqlandırılıb.

Layihə universitetdə elmi-tədqiqat fəaliyyətinin praktik nəticələrə yönəldiyinin nümayişi olmaqla yanaşı, tələbələrin real problemlərin həllinə yönəlmiş innovativ düşüncə tərzini əks etdirir.

Bu innovativ layihə, həmçinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən 9-cu (Sənaye, innovasiya və infrastruktur), 12-ci (Məsuliyyətli istehsal və istehlak) və 13-cü (İqlim dəyişikliyi ilə mübarizə) istiqamətlərinə mühüm töhfə verir.

Seçilən
21
3
azedu.az

5Mənbələr